10 Eylül 2022 Cumartesi

JURNALİSTİKAYA YENİ BAŞLAYANLAR ÜÇÜN BƏLƏDÇİ

 JURNALİSTİKAYA YENİ BAŞLAYANLAR ÜÇÜN BƏLƏDÇİ

 


Ələsgər Məmmədli


Bakı- 2022

Media haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq  yeni “Bələdçi” hazırlanmışdır. 


  1. Anlayışlar


Jurnalistika fəaliyyətinə yeni başlayanlar üçün ən önəmli məsələlərdən biri bu sektorda fəaliyyət zamanı qarşılaşacaqları anlayışları doğru anlamaq və işini buna uyğun qurmaqdır. Media haqqında Azəbaycan Respublikası Qanununa əsasən media sahəsində istifadə olunan anlayışlar ayrı-ayrı təsvir edilmiş və onların istifadəsi zamanı məhz bu anlayışlar çərçivəsində tətbiq olunacağı nəzərdə tutulmuşdur. 

Bu səbəbədən də bəzi anlayışlar hətta beynəlxalq çərçivədə müəyyən edilən standartlardan fərqli  formada təsvir edilibdir. Jurnalistikaya yeni başlayanlar və media fəaliyyətinə maraq göstərənlər bu çərçivələri doğru  müəyyən etməlidir. Çünki, anlayışlarda yer alan bir çox məsələ hüquqi baxımdan tənzimləmə çətiri altındadır və müəyyən məsuliyyət yaratdığının fərqində olmaq vacibdir.


Qanunvericiliyə əsasən media sahəsində aşağıdakı anlayışlar mövcuddur:

  • jurnalist əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs;
  • kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar;
  • media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti;
  • media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs;
  • audiovizual mediateleviziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media;
  • onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
  • çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media;
  • informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media;
  • audiovizual yayımçı televiziya və radio yayımında, o cümlədən, sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs;
  • yerüstü yayımçıteleviziya və radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxs;
  • ümumölkə yayımçısı – proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
  • regional yayımçı – proqramları Azərbaycan Respublikasının azı 2 (iki) inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
  • platforma yayımçısı – audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru və (və ya) Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqan olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxs;
  • peyk yayımı – peyk yayım infrastrukturu vasitəsi ilə ötürülməsi və istifadəçilər tərəfindən birbaşa qəbulu təmin olunan audiovizual yayım;
  • kabel yayımı – müxtəlif növ kabel və (və ya) hibrid infrastruktur (efir-kabel, peyk-kabel və s.) vasitəsilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan audiovizual yayım;
  • İPTV yayımı – internet provayderin audiovizual proqramların ötürülməsini və istifadəçilər tərəfindən qəbul edilməsini öz internet protokolundan (İP) istifadə etməklə təmin etdiyi yayım;
  • OTT yayımı – audiovizual proqramların internet vasitəsilə istifadəçinin qəbuledicisinə ötürülməsini təmin edən yayım (İPTV yayımı istisna olmaqla);
  • mobil TV yayımı – audiovizual proqramların mobil telekommunikasiya şəbəkələri vasitəsi ilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan yayım;
  • redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə;
  • məsul redaktor – televiziya və radio yayımında proqram cədvəli, sifarişli yayım xidmətində isə proqram kataloqu çərçivəsində yer alan proqramın, habelə çap mediasında və onlayn mediada yayımlanan materialın məzmunu və seçimi üzrə qərar vermə funksiyasını həyata keçirən şəxs;
  • istifadəçi – kommersiya məqsədi olmadan informasiya ehtiyaclarını qarşılamaq üçün mediadan istifadə edən fiziki və ya hüquqi şəxs;
  • infrastruktur operatoru – sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmli yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqan  olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi;
  • multipleks operatoru – birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxs;
  • platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
  • sifarişli yayım xidməti provayderi – tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların istifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs;
  • tematik yayım – proqram cədvəlinin və ya kataloqunun azı 75 (yetmiş beş) faizi müəyyən sahəyə (xəbər, film, sənədli film, idman, musiqi, uşaq əyləncə, teleticarət və s.) həsr olunan proqramlardan ibarət yayım;
  • proqram – istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu;
  • proqram cədvəli – proqramların vaxtının və ardıcıllığının əks olunduğu cədvəl;
  • proqram kataloqu – sifarişli yayım xidmətində istifadəçinin seçiminə təqdim olunan proqramların toplusu;
  • praym-taym – audiovizual proqramların Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) qərarı ilə müəyyən edilən sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı;
  • reytinq ölçən təşkilat – audiovizual medianın auditoriyasının həcmini ölçən şəxs; (burada şəxs hüquqi və fiziki şəxsləri əhatə edir)
  • retranslyasiya – hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi;
  • loqotip (emblem) – media subyektinin redaksiyasını (redaksiyalarını) fərqləndirməyə imkan verən hər hansı simvollar kombinasiyası (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.);
  • əhəmiyyətli tədbir – cəmiyyət üçün maraq kəsb edən və ölkə ərazisində fəaliyyət göstərən media subyektləri tərəfindən dərc olunması və (və ya) yayımlanması nəzərdə tutulan ictimai, siyasi, sosial və iqtisadi məzmunlu hadisə.
  • media savadlılığı – kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti;



2. Media subyektləri və onların təsis edilməsi


Media subyektlərinin təsis olunmasından bəhs edərkən öncə media subyekti anlayışı altında təsvir edilən formatları nəzərdən keçirməliyik. Media Qanununun 25-ci maddəsində  media subyektlərini aşağıdakı 4 kateqoriyada sayıb:

    1. audiovizual media subyektləri;
    2. çap mediası subyektləri;
    3. onlayn media subyektləri;
    4. informasiya agentlikləri.

Bu subyektlərin hər birinin alt subyektləri də müəyyən edilib və çox şaxələndirilib. Media subyektlərinə dair qanunvericilikdə tələblər sərtdir. Əgər yuxarıda nəzərdə tutulan 4 fərqli media subyektinin təsisçisi fiziki şəxsdirsə, o, Azərbaycanda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Lakin ölkədə daimi yaşamaq və vətəndaş olmaq yetərli deyil, təsisçi olmaq istəyən fiziki şəxs:

  • ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməyən;
  • məhkumluğu ödənilməyən və ya götürülməyən;
  • məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır.


2.1. Fiziki şəxsin təsis olunması


Azərbaycan qanunvericiliyinə əsasən fiziki şəxsin hüquqi vəziyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən müəyyən edilir. 16 yaşını tamamlayan hər bir şəxs İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə müraciət edərək fiziki şəxs statusu qazana və vergi uçotunda alına bilər. 

Vergi uçotuna alınmaq üçün aşağıdakı sənədlər tələb olunur:

  • "Fiziki şəxsin uçotu haqqında ərizə"
  • Şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün - şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün - AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti; 
  • Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı;
  • "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);
  • Torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti (torpaq mülkiyyətçilərinə münasibətdə);
  • Bələdiyyə orqanlarında uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti (ailə kəndi təsərrüfatının başçısına münasibətdə);

Fiziki şəxs kimi uçota alınmaq istəyən şəxs ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə (Bakı şəhərində və ASAN xidmət mərkəzləri yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələrinə, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələrinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.


Media subyektlərinin təsisçisi hüquqi şəxs olduqda, şərtlər bir az da artır. Hüquqi şəxs olan təsisçinin nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır. Bu tələblər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir. Bununla bərabər, media subyekti təsisçisi, yaxud payçısı olan hüquqi şəxsin təsisçiləri də fiziki şəxs kimi təsisçi olan şəxslər də zəruri tələblərə cavab verməlidir. Ağır və ya xüsusilə ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğu ödənilməyən və ya götürülməyən, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır. 


Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakıçısı) ola bilərlər. Digər 3 formada - audiovizual, onlayn və informasiya agentlikləri formatında müəyyən edilən media subyektlərinin təsisçiliyinə siyasi partiya və dini qurum kimi qeydiyyatdan keçən hüquqi şəxslərə icazə verilmir.


2.2. Hüquqi şəxsin təsis olunması 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəsli hüquqi şəxslərin formasını, fəaliyyətini və digər hüquqi aspektlərini tənzimləyir. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılarsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxslərin qeyri kommersiya və kommersiya məqsədli formaları mövcuddur. 

Qeri-kommersiya hüquqi şəxsləri Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa, Siyasi partiyalar haqqında Azərbaycan Respublikası Qanununa, Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikası Qanununa, Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır və fəaliyyət göstərir.   Kommersiya hüquqi şəxsləri Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq yaradılır və fəaliyyət göstərir. 

Qeyri-kommersiya və kommersiya hüquqi şəxsləri təsis edildikdən sonra Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında  Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır. 

Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün təsisçilərin aşağıdakı sənədləri təqdim etməsi zəruridir:

    • Hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi - sənədin əsli. 
    • Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənəd - sənədin əsli. 
    • Fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd - sənədin əsli. 
    • Ərizə (təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi) - notariat qaydasında təsdiq edilmiş əsli.
    • Hüquqi şəxs statusu almaq istəyən qurumun təsis edilməsi barədə qərarlar - sənədin əsli. 
    • Hüquqi şəxs statusu almaq istəyən qurumun nizamnaməsinin təsdiq edilməsi barədə qərarlar - sənədin əsli. 
    • Hüquqi şəxs statusu almaq istəyən qurumun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar - sənədin əsli.
    • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd - sənədin əsli. (Qeyd: Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün 300 manat, digər hüqiqi şəxslər üçün cəmi 11 manat)
    • Təsisçi hüquqi şəxs olduqda - nizamnaməsi - sənədin notariat qaydasında təsdiq edilmiş surəti. 
    • Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (dövlət reyestrindən çıxarış) - sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
    • Təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənəd - sənədin surəti (kağız formada).
    • Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd - sənədin əsli.


Qeyri-kommersiya hüquqi şəxsləri üçün bu fərqli qaydada və müddətdə həyata keçirilir. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı üçün Ədliyyyə Nazirliyinə müraciət olunmalıdır və 40 gündən gec olmayaraq həyata keçirilməlidir. 

Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilən sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyistri haqqında Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.

Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.

Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.

Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. Qanunvericilikdə bu nəzərdə tutulsa da, praktikada imtina cavabı vaxtında verilmədikdə də bu prosedur işləmir. 

Qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı bunlardır:

Ərizə;

    • qurumun təsis sənədləri - nizamnamə, qərarlar;
    • dövlət rüsumunun ödənilməsi haqqında sənəd; (qeyd: rüsumun miqdarı 11 manat, )
    • təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
    • təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
    • hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
    • qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
    • fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
    • siyasi partiyalarda həmçinin üzvlərinin sayını təsdiqləyən sənəd, təsis keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat, siyasi partiyanın proqramı;
    • özəl və bələdiyyə təhsil müəssisələrində onların nizamnaməsinə dair Təhsil Nazirliyinin rəyi;
    • qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda - onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd.


Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğu ödənilməyən və ya götürülməyən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır.


A.  Audiovizual media subyektləri

Qanunun 27-ci maddəsi audiovizual media subyektlərini aşağıdakı kimi 6 fərqli yayımçı formasında müəyyən edib: 

  1. Yerüstü yayımçı:

Yerüstü yayımçısı anlayışına aşağıdakı 4 fərqli yayım forması daxil edilib:

1.1. ümumölkə yerüstü televiziya yayımçısı;

1.2. regional yerüstü televiziya yayımçısı;

1.3. ümumölkə yerüstü radio yayımçısı;

1.4. regional yerüstü radio yayımçısı;

2. Platforma yayımçısı:

Platforma yayımçısı anlayışına aşağıdakı 2 fərqli yayım forması daxil edilib:

2.1. peyk yayımı həyata keçirən platforma yayımçısı;

2.2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı;

3. Platforma operatoru:

Platforma operatoru anlayışına aşağıdakı 2 fərqli yayım forması daxil edilib:

3.1. sadə platforma operatoru;

3.2. universal platforma operatoru;

Bundan əlavə daha 3 fərqli audiovizual media subyekti qanunvericilikdə müəyyən edilib. Bunlar:

4. Multipleks operatoru;

5. İnfrastruktur operatoru;

6. Sifarişli  yayım xidməti provayderi.


Göründüyü kimi qanuna əsasən 11 fərqli audivizual media subyekti müəyyən edilib. Bütün audiovizual media subyektləri lisenziya əsasında fəaliyyət göstərir və bu lisenziyanı Audiovizual Şura verir. 


A.1.Yerüstü yayımçı: Fiziki yaxud hüquqi şəxs formasında təsis edilməsindən asılı olmayaraq yerüstü yayımçı lisenziya əsasında fəaliyyət göstərir. İctimai yayımçı istisna olmaqla, yerüstü yayımçıya lisenziya müsabiqə əsasında verilir. Yerüstü yayımçı yayımlarını özü yayımlaya bilməz. O, yayımlarını ümumölkə və ya regional xüsusiyyətinə uyğun olaraq, infrastruktur və platforma operatorlarına retranslyasiya üçün təqdim etməlidir. Bunun üçün yerüstü yayımçı Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda infrastruktur və platforma operatorlarına xidmət haqqı ödəyir. 

Yerüstü ümumölkə yayımçısının peyk yayımı həyata keçirməsi üçün ayrıca lisenziya tələb olunmur. Yerüstü ümumölkə yayımçısı peyk operatorları ilə müqavilə bağlayaraq peyk yayımı da həyata keçirə bilər. Lakin yerüstü regional yaımçıya bu hüquq tanınmayıb. Eyni zamanda, yerüstü yayımçı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər. 


A.2. Platforma yayımçısı: Lisenziyalı fəaliyyət göstərən bir digər yayımçı platforma yayımçısıdır. Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər istisna olmaqla digər platforma yayımçıları lisenziya alaraq, fəaliyyət göstərməlidir. Peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir. Platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir. Gündə minimum 6 saat yayım həyata keçirməli, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı və yayımı özünün veb-saytından həyata keçirməlidir. Platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin edərsə, reklam fəaliyyəti həyata keçirə bilər. Qanunvericiliyə əsasən  praym-taym sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı hesab edilir. Praktikada  yayımçılar üçün bu vaxt əsasən axşam saat 19:00-23:00 arası hesab olunur. 

Platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər.


A.3. Platforma operatoru: Hüquqi və fiziki şəxslər platforma operatoru ola bilər. Platforma operatoru media subyekti hesab edildiyindən lisenziya əsasında fəaliyyət göstərir. Platforma operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir. Sadə platforma operatoru yalnız bir üsulla, universal platforma operatoru isə eyni zamanda 2 (iki) və daha çox üsulla retranslyasiya həyata keçirə bilər. 

Platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan əlavə xidmət haqqı tələb edə bilməz.

Ayrıca, platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər. 

Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Audiovizual Şuraya təqdim etməlidir. Habelə, fəaliyyətində monitorinqin həyata keçirilməsi məqsədilə Şuranın ödənişsiz istifadə hüququ təmin olunmalıdır. 

Qanunun platforma operatorunun üzərinə qoyduğu bir vəzifə də xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini, habelə retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etmə öhdəliyidir.


A.4. Multipleks operatoru: Birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxs multipleks operatoru hesab edilir. Audiovizual Şura tərəfindən elan edilən müsabiqə əsasında lisenziya alır. Multipleks operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir. Platforma operatoru kimi multipleks operatoru da müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər. Eyni zamanda fəaliyyətində monitorinqin həyata keçirilməsi məqsədilə Şuranın ödənişsiz istifadə hüququnu təmin etmək, habelə xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini və retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etmək öhdəliyi daşıyır.


A.5. İnfrastruktur operatoru: - Sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmli yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyidir

Media haqqında Qanunun 47.1.4-cü maddəsinin tələbinə əsasən bütün audivizual media subyektlərinin lisenziya ilə fəaliyyət göstərdikləri vurğulansa da, 33.1-ci maddədə göstərilib ki, infrastruktur operatoru Şuranın qərarı ilə ayrılmış radiotezlikdən (radiotezliklərdən) istifadə edir. Beləliklə, digər subyektlərdə konkret lisenziya anlayışı bildirilsə də burada Şüra qərarından bəhs edilib. Bu qərarın lisenziyanın verilməsinə dair qərar olduğu bildirilməyib. Beləliklə, anlaşılır ki,  “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin fəaliyyəti üçün qərar yetərlidir. 

İnfrastruktur operatoru yerüstü yayımçının proqramlarının retranslyasiyasını təmin etməlidir. O, yerüstü ümumölkə yayımçısının ölkə üzrə, yerüstü regional yayımçının isə müvafiq region üzrə yerüstü yayımının təmin olunması üçün yerüstü yayımçı ilə müqavilə bağlayır və NK-nin müəyyən etdiyi məbləğdə xidmət haqqı alır.

İnfrastruktur operatorunun istifadəçilərə ödənişli retranslyasiya xidməti göstərməsi qadağan olunub. O, multipleks və platforma operatorlarına, habelə peyk operatoruna siqnalın ötürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə xidmət haqqı alır. 


A.6. Sifarişli yayım xidməti provayderi: - İstifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxsdir

Sifarişli yayım xidməti provayderi Audiovizual Şuranın verdiyi lisenziya əsasında fəaliyyət göstərir, proqram kataloqunu platforma operatorunun yayım üsulları və ya birbaşa internetlə, o cümlədən, mobil tətbiqlər vasitəsilə təqdim edir.

Sifarişli yayım xidməti provayderinin qanuni öhdəlikləri arasında proqram kataloquna daxil etdiyi bütün proqramlar barədə məlumatı və həmin proqramların yayımı üçün əldə etdiyi yayım hüquqlarına dair müqavilələri Şuraya təqdim etməli, proqram kataloquna daxil olunmuş bütün proqramlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaş kateqoriyaları üzrə təsnifatlandırılmalıdır.


B. Çap media subyektləri

Media Haqqında Qanunun 1.1.6-cı maddəsi çap mediasını il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız  və (və ya) elektron daşıyıcıda yayımlayan media olaraq müəyyən edib.  Beləliklə, çap mediası subyektlərini iki yerə ayırıb: 

  1. kağız daşıyıcıda yayılan media;
  2. elektron daşıyıcıda yayımlayan media.


Burada əsas şərtlərdən biri müəyyən dövriliyin olması, digəri isə planlaşdırılmış vaxtlarda yayılmasıdır. Maraqlı bir məsələ elektron daşıyıcıda yayımlanan media anlayışı ilə onlayn media anlayışlarının fərqli subyektlərdə göstərilməsidir. Halbuki, hər ikisi elektron daşıyıcıda yayımlanır. 

Dövriliyi müəyyən edən çərçivə Media haqqında Qanunun 59-cu maddəsində göstərilib. Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir.


  1. Qəzetlər də dövriliyinə görə fərqləndirilir:
  2. həftəlik qəzet – həftədə azı 1 (bir) dəfə nəşr olunan və  il ərzində 6 nömrədən çox fasilə verməyən;
  3. günaşırı qəzet – həftədə azı 3 (üç) dəfə nəşr olunan və il ərzində 9 nömrədən çox fasilə verməyən; 
  4. gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə nəşr olunan və il ərzində 12 nömrədən çox fasilə verməyən; 

Bununla yanaşı qəzetləri məzmununa və ərazisinə görə qruplaşdırıblar. 

b. Məzmununa görə:

  1. ictimai-siyasi qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial və iqtisadi mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet;
  2. tematik qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi yalnız bir sahənin işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet. 


c. Ərazi kateqoriyasına görə:

1. ümumölkə – bir media subyekti tərəfindən eyni adla çap edilən və Azərbaycan Respublikası ərazisinin azı 70 faizinə yayımlanan qəzet;

2. regional – 1 (bir) media subyekti tərəfindən eyni adla çap edilən və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı 70 (yetmiş) faizində yayımlanan qəzet.

Media subyektlərinin bu qədər detallı kateqorizə edilməsinin məqsədi hər hansı dövlət yardımı verilən zaman bu tələblərin yerinə yetirilməsi zəruriliyi ilə bağlıdır. Media subyektlərinin və bu subyektlərdə çalışan jurnalistlərin Reystrə qeydiyyatı zamanı müvafiq tələblərin mövcudluğunun əks olunmsıdır.


Çap media subyekti təsis etmə hüququ fiziki və hüquqi şəxslərə verilib. Media subyektləri içərisində bütün hüquqi və fiziki şəxslərə, o cümlədən siyasi partiyalar və dini qurumlara çap media subyekti təsis etmək hüququ tanınmışdır. Buna baxmayaraq istisnalar da mövcuddur. 

Dövlət orqanları bir qayda olaraq çap media subyekti təsis edə bilməz. Lakin, siyahısı AR Nazırlər Kabineti tərəfindən müəyyən edilən orqanlar (qurumlar), habelə Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi çap media subyekti təsis edə bilər. Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl Media İnkişaf Agentliyinə rəsmi müraciət etməlidir. Media İnkişaf Agentliyinə (bundan sonra MİA) rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatlar doğru olmadıqda, MİA çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.

Redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda, MİA tərəfindən müəyyən olunur.


C. Onlayn media subyektləri

Qanunda anlayış kimi onlayn medianı – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media olaraq göstərib. Göründüyü kimi rəqəmsal formada yayımlanan bütün kontentlər, mətn, səs, görüntü və digər formalarda olmasından aslı olmayaraq bu çərçivəyə daxil edilib. 

Media haqqında Qanunun 60-cı maddəsi onlayn mediaya dair tələbləri sıralayıb və onlayn medianın subyektlərinin fiziki və ya hüquqi şəxslər ola biləcəyini göstərib. Lakin, Qanunun 26.4 cü maddəsi siyasi partiyalar və dini qurumlarıın yalnız çap mediası təsisçisi (iştirakçısı) ola biləcəyini nəzərdə tutub. Odur ki, siyasi partiyalar və dini qurumlar hüquqi şəxs olsalar da, onlayn media subyeki təsis edə bilməzlər. 

Təsis üçün onlayn media məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl Media İnkişaf Agentliyinə rəsmi müraciət etməlidir. Onlayn media subyekti adını, VÖEN-i, domen adının sahibini, məsul redaktorun soyadı, adı və atasının adı, fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələrini öz resursunda göstərmək məcburiyyətindədir. 

Onlayn media subyektlərinin də davamlı hesab edilməsi üçün zəruri şərtlər müəyyən edilib.  Onlayn media redaksiyaları hər ay 20 gün ərzində gündəlik azı 20 matreal dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Yəni bir ay boyunca azı 400 informasiya paylaşmalıdır. Üstəlik bu informasiyalar ya tam öz matrealları ya da azı 2/3 (üçdəikisi) dəyişdirilərək yenidən hazırlanmış digər mənbə məlumatları ola bilər. Başqa mənbələrin məlumatlarından tam istifadə olunmasına yalnız aralarında abunəlik yaxud müqavilə olduqda imkan verilir.


D. İnformasiya agentlikləri.

İnformasiya agentlikləri üçün spesfik tələblər nəzərdə tutlmasa da qanunun digər media subyektlərinin fəaliyyətinə dair müddəaların informasiya agentliklərinə onlar tərəfindən kütləvi informasiyanın dərc olunma yaxud yayımlanma üsuluna uyğun olaraq şamil ediləcəyi müəyyən edilib. Bununla da informasiya agentliklərinin fəaliyyətinin xarakterinə görə onlayn hissəsinə onlayn medianın, bülleten və digər çap hissəsinə isə çap media subyektləri üçün nəzərdə tutulan şərtlərin şamil olunacağı qərarlaşdırılıb. 

İnformasiya agentliyinin təsis olunmasında bir məhdudiyyət olmadığına görə hüquqi və fiziki şəxslər təsisçi ola bilər. 


3. Media subyektlərinin Reyistri


3.1. Media Reyestri:

Azərbaycanda ilk dəfədir media subyektlərinin reyistrinin məcburi qaydada aparılması qanunvericiliklə nəzərdə tutulur. Media haqqında Qanunun 8-ci fəsli Media Reyestrini tənzimləyir. Media Reyestrinin yaradılmasında məqsəd, Azərbaycanda media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi göstərilsə də, funksional baxımdan bu məqsədi aşan xeyli geniş səlahiyyətlərin sayıldığı müşahidə edilir. Media Reyesteri  dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən elektron informasiya ehtiyatıdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarifli Fərmanına əsasən MEDİA Agentliyi tərəfindən həyata keçirilir. MEDİA Agentliyi Media Reyestrinin aparılması qaydalarını və Media Reyestri şəhadətnaməsinin formasını təsdiq edir.  

Media Reyestrinin 5 fərqli bölməsi var. 

Bunlar:

  1. audiovizual media subyektləri;
  2. çap mediası subyektləri;
  3. onlayn media subyektləri;
  4. informasiya agentlikləri;

jurnalistlər.


  1. Çap mediası, onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün MEDİA Agentliyinə müraciət edir. 

Auidiovizual media subyektlərinin Media Reyestrinə daxil edilməsi özlərinin təşəbbüsü ilə yox, lisenziya verən Audiovizual Şuranın təşəbbüsü ilə reallaşır. Şura audiovizual media subyektlərinə lisenziya verdiyi, dayandırdığı, bərpa etdiyi və ya ləğv etdiyi tarixdən 3 iş günü müddətində məlumatları MEDİA Agentliyinə verməlidir. Bu qurum isə öz növbəsində Media Reyestrinə məlumatları daxil etməlidir. Bu tələb həm teleradio yayımçılarına, həm də platforma yayımçıları və operatorlarına, habelə sifarişli yayım xidməti göstərən yayımçılara verilən lisenziyalar üçün keçərlidir. 


3.2 Media Reyestri üçün sənədlər və  tələblər


3.2.1. Media Reyestri üçün sənədlər: 

 

Media Reyestrinə müraciət edən media subyektləri və jurnalistlər aşağıdakı məlumatları Media Reyestrinə daxil etmək üçün MEDİA Agentliyinə təqdim etməlidir:


  1. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;
  2. fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar;
  3. media subyektinin VÖEN-i;
  4. media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
  5. məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
  6. media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları);
  7. çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat;
  8. onlayn media subyektinin domen adının sahibi haqqında məlumat;
  9. media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası;
  10. audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü;
  11. audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar;
  12. informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;
  13. jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
  14. verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;
  15. jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat;
  16. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;
  17. media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat;
  18. təsisçi (iştirakçı) fiziki şəxs olduqda, onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.


Bu tələb olunan məlumatları lisenziya alaraq fəaliyyət göstərən audiovizual media subyektləri də Audiovizual Şuraya lisenziya alarkən təqdim etməlidirlər. Onların məlumatlarını Media Reyestrinə daxil etmək üçün MEDİA Agentliyinə Şura lisenziya verdikdən 3 iş günü ərzində özü təqdim edir. 

Media Reyestrinə daxil edilmiş məlumatlar ictimaiyyət üçün açıq deyil. Yalnız, Media subyektlərinin və jurnalistlərin siyahısı açıq informasiya hesab edilir.


3.2.2. Media Reyestrinə daxil edilmək üçün tələblər


Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:

  1. təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  2. təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
  3. media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, ağır və ya xüsusilə ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğu ödənilməyən və ya götürülməyən, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır;(Bu şərtlər media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslərin iştirakçılarına da şamil edilir.)
  4. Media Reyestrinə müraciət edən media subyektlərindən yalnız çap mediasının təsisçisi (iştirakçısı)  arasında siyasi partiyalara və dini qurumlara icazə verilir. 
  5. Media Reyestrinə daxil olan media subyektinin təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
  6. Media subyektinin idarəetmə orqanının rəhbəri ali təhsilli, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Ağır və ya xüsusilə ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğu ödənilməyən və ya götürülməyən, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır.
  7. Media Reyestrinə müraciət edən media subyektləri xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 (iyirmi beş) faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Digər media subyektləri xarici mənbədən maliyyə ala bilməz.
  8. fəaliyyəti davamlı olmalıdır. (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
  9. fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya və proqramlarına istinad olunmalı, abunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad edərək istifadə etməlidir.
  10. hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda  alınmış  olması;
  11. fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotunda olması;
  12. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olması;


3.3. Media Reyestrindən çıxarılma


MEDİA Agentliyi aşağıdakı hallarda Media Reyestrinə daxil edilmiş subyektləri Reyestrdən çıxarır:

  1. media subyektinin ərizəsi olduqda;
  2. hüquqi şəxs olan media subyekti ləğv edildikdə;
  3. məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;
  4. fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
  5. Azərbaycan Respublikasında daimi yaşayayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, ağır və ya xüsusilə ağır cinayətlərə, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə əvvəllər məhkum edilməyən, məhkumluğu ödənilməyən və ya götürülməyən, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamaq tələblərinə cavab vermədiyi aşkar edildikdə;  
  6. çap mediası subyekti tərəfindən fəaliyyətində yaranmış fasilə gündəlik qəzetdirsə il ərzində 12 nömrədən, günaşrı qəzetdirsə il ərzində 9 nömrədən, həftəlik qəzetdirsə il ərzində 6 nömrədən çox olmamaq tələbini pozarsa;
  7. onlayn media subyekti (redaksiyaları) tərəfindən hər ay 20 gün, gündəlik azı 20 matreal hazırlayıb yaymaq tələbini və fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya və proqramlarına istinad etmək tələbi, abunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad etməklə yaymaq  tələblərini pozarsa;
  8. Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə;
  9. audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.


Media subyekti Media Reyestrindən çıxarıldıqda MEDİA Agentliyi öz veb-saytında bu barədə məlumat yerləşdirir. Audiovizual Şura lisenziyanı ləğv edərsə onun təqdim etdiyi məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrindən çıxarılır.


4. Jurnalistlərin Reyestri


4.1 Media Reyestrinə daxil olunması üçün müraciət edən jurnalistlərə dair tələblər


Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:

ali təhsili olmalı;

  1. fəaliyyət qabiliyyətli olmalı;
  2. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməyən;
  3. məhkumluğu ödənilən və ya götürülən;
  4. media subyekti ilə əmək müqaviləsi olmalı; (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
  5. işlədiyi media subyektinin Media Reyestrinə daxil edilməli;
  6. işlədiyi media subyektinin davamlı fəaliyyət göstərməli; (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
  7. fəaliyyəti zamanı abunəlik və ya müqavilə əsasında digər media subyektinin informasiyasıya və proqramlarına istinad olunması, abunəlik və ya müqavilə olmadıqda isə hər bir informasiyanın yalnız 1/3 (üçdəbirindən) çox olmayan hissəsinə istinad etməklə yayılmalı;  
  8. işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə gündəlik qəzetdirsə il ərzində 12 nömrədən, günaşrı qəzetdirsə il ərzində 9 nömrədən, həftəlik qəzetdirsə il ərzində 6 nömrədən çox olmamalı; 
  9. İşlədiyi onlayn media subyekti (redaksiyaları) tərəfindən isə hər ay 20 gün, gündəlik azı 20 matreal hazırlayıb yayılmalı;
  10. jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olması, elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməli;
  11. jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməli;
  12. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmalı;


Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər və ya jurnalistlər yuxarıda sayılan tələblərin hər hansı birinə cavab vermədikdə, MEDİA Agentliyi tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.


4.2. Jurnalistlərin Media Reyestrindən çıxarılması


Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:

  1. jurnalistin ərizəsi olduqda; 
  2. Media Reyestrinə daxil edilmək üçün müraciət edən jurnalistlərə dair tələblərə cavab vermədikdə;  
  3. ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edildikdə;
  4. öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;
  5. yayımladığı informasiyanın Media haqqında Qanunun 14-cü maddəsində mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;
  6. işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda;
  7. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.


Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi MEDİA Agentliyi tərəfindən ləğv edilir və bu barədə qurumun veb-saytında məlumat yerləşdirilir.


5. Media Reyestrinin verdiyi imtiyazlar


Media Reyestrinə daxil edilmiş şəxslər üçün qanunvericilikdə bəzi güzəştlər və ya imtiyazlar  nəzərdə tutulub. Bunlar aşağıdakılardır:

  1. media subyektlərinə dövlət qurumları tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
  2. media subyektlərinin işçilərinin və jurnalistlərin MEDİA Agentliyi tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
  3. MEDİA Agentliyi tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
  4. maliyyə xarakterli güzəşt və imtiyazlardan o cümlədən güzəştli kreditlərdən istifadə;
  5. sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.


MEDİA Agentliyi əhəmiyyətli tədbirlərlə bağlı siyahını hər il növbəti il üçün elan etməlidir. Bu siyahını özlərinin rəsmi internet saytlarında yerləşdirməli və onun müntəzəm olaraq yenilənməsini təmin etməlidirlər.


6. Jurnalistlərin  hüquqları 


6.1. Jurnalist fəaliyyətinin təminatı


Konstitusiyaya əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət qurumlarının, yaxud vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.

Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. 

Bununula yanaşı media azadlığının məhdudlaşdırılması da mümkündür. Media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada media azadlığı məhdudlaşdırıla bilər.

Jurnalistlər öz fəaliyyətlərini icra edərkən onların müstəqilliyinə müdaxilə yolverilməzdir. Onlar peşə faəliyyətlərinin xarakterinə uyğun oalraq öz mənafelərini təmsil edən təşkilatlarda birləşmə hüququna malikdirlər. Jurnalistlər peşə borclarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və ləyaqətlərini müdafiə etmək hüquqlarına malikdirlər və bu hüquqlar qanunvericiliklə qoruma altındadır. Onların peşəkar fəaliyyətinə qanunsuz müdaxilə yolverilməzdir.

Jurnalistlərin təməl hüquqlarından biri məlumat azadlığıdır və bu Konstitusiyanın 50-ci maddəsi ilə qoruma altındadır.  Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi, şərh verilməsi ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.


6.2. Jurnalistlərin məlumat almaq hüququ


Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət qurumlarının, bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.

Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər.

İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Bir qayda olaraq bu 7 (yeddi) iş günündən gec olmamalıdır. Lakin, 7 (yeddi) iş günü müddətində həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir. Şikayət bir qayda olaraq yuxarı inzibati orqana, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) və ya birbaşa məhkəməyə verilə bilər. 


6.2.1. Sərbəst jurnalistlər (freelance journalist)

 

Media haqqında Qanun jurnalist anlayışını məhdudlaşdırıb və yalnız əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs olaraq tərif edib. 

Bu anlayışı bir az açsaq, jurnalist kimdir?

  • Hər hansı media subyekti ilə əmək müqaviləsi ilə işləyən şəxs; yaxud, 
  • Fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçən,VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək,  habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan şəxs.

Jurnalist əmək müqaviləsi ilə yaxud fərdi (VÖEN-lə) fəaliyyət göstərdiyi zaman bunu gəlir əldə etmək məqsədi ilə etməlidir. Deməli, jurnalistin könüllü, ictimai əsaslarla fəaliyyəti zamanı onu mövcud qanun jurnalist hesab etməyəcək. Bu baxımdan qanunvericilikdə jurnalistlərə xüsusi tanınan hüquqlar, imtiyazlar, qorumalar bu anlayışla müəyyən olunan çərçivədə fəaliyyət göstərən jurnalistlərə aid olacaq. 

Sərbəst fəaliyyət göstərən və VÖEN-lə vergi ödəyicisi kimi əsas fəaliyyət növünü bu sahədə müəyyən edən hər bir sərbəst jurnalist də bu çərçivədə həm hüquqlardan, həm qoruma mexanizmlərindən  faydalana biləcək, imtiyazlardan istifadə etmək üçün jurnalist reyestrindən keçə biləcək. 

Gəlir əldə etmək məsqədi olmayan, əmək müqaviləsi ilə hər hansı media subyekti ilə işləməyən yaxud fərdi vergi qeydiyyatından (VÖEN) keçməyən lakin davamlı olmasa da informasiya toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək işləri ilə məşğul olanların heç bir hüququ olmayacaqmı? 

Bu sual qarşısında qanunvericiliyin ümumi çərçivəsinə baxmaq lazımdır. Həm ölkə Konstitusiyası, həm də ölkənin ratifikasiya etdiyi beynəlxalq sənədlər jurnalistin gəlir əldə etmək məqsədi şərtini aramadığına görə jurnalistlərə tanınan hüquqlar gəlir əldə etmək məqsədi olmayan və davamlı olmadan bu sahədə fəaliyyət göstərən şəxslərə, habelə fərdi VÖEN-lə fəaliyyət göstərib, lakin media reyestrində qeydiyyatda olmayanlara da şamil olur.  Yalnız Media haqqında Qanunun 71-ci maddəsində jurnalist vəsiqəsi alan jurnalistlərə tanınan imtiyazlardan yararlana bilməyəcək habelə jurnalist reystrindən keçmək, akreditasiya olunmaq  üçün müraiət edə bilməyəcək.  



6.2.2. Xarici media qurumları və jurnalistlər


 Xarici media nümayəndələrinin (jurnalist və operatorların) Azərbaycan Respublikasının ərazisində fəaliyyəti Media haqqında Qanunun 11-ci maddəsinə əsasən həm daxili qanunvericilik həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 

Daxili qanunvericiliyin əsasını təşkil edən AR Konstitusiyasının 50-ci maddəsi hər kəsin informasiya azadlığını təminat altına alıb. Yəni hər kəs məlumatı ala və yaya bilər. Konstitusiya bu baxımdan yerli-xarici ayrımına getməyib. 

Eyni yanaşma Azərbaycanın ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində mövcuddur. Maddədə vurğulanır: “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.”

BMT Mülki və siyasi Hüquqlara dair Paktın 19-cu maddəsində də eyni üslub keçərlidir. 19-cu maddənin 2-ci bəndində vurğulanır ki: “Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var. Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir.”

Hər iki sənəd Konstitusiyanın 151-ci maddəsinə əsasən qanunlardan üstün hüquqi qüvvəyə malikdir. 

Daxili qanunvericilikdə xarici media nümayəndələrinin ölkədə fəaliyyət göstərməsi üçün hökmən akreditasiya edilməli olduğuna dair imperativ norma yoxdur. Lakin, Media haqqında Qanunun 11.3-cü maddəsində göstərilib ki, xarici jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 

Qanunun tətbiqinə dair Fərmanda bu qurumun  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi olduğu müəyyən edilib.

 Azərbaycan RespublikasıXarici İşlər Nazirliyinin Kollegiyası 01 Avqust 2022-ci ildə Q/04-22 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nı təsdiq edib.

Qaydaların 1-ci bəndinə nəzər saldıqda, Qanunun 11.3-cü maddəsinni tələbinin genişləndirildiyi və faktiki imperativ norma halına gətirildiyi diqqət çəkir. Qanunda olmayan “Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən”- ifadəsi Qaydalara salınıb və beləliklə xarici media nümayəndələrinin Azərbaycanda fəaliyyətin yalnız akreditasiya olduqda mümkünlüyü göstərilib. 

“1.Bu Qaydalar “Media haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən hazırlanmış və Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici media nümayəndləri olan jurnalist və operatorların (bundan sonra – xarici media nümayəndələri) akkreditasiyası qaydalarını müəyyən edir.”

Qaydalarda xarici jurnalistlərin ölkədə informasiya toplaması və yayması fəaliyyətinin akreditasiya şərtinə bağlanması yuxarıda isnad edilən Konstitusiyanın və digər beynəlxalq sənədlərin tələbləri ilə ziddiyət təşkil etdiyini şübhəsizdir. 


6.2.3. Xarici media nümayəndələrinin akkreditasiyası


Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər Xarici İşlər Nazirliyinə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə (https://www.mfa.gov.az/az/category/e-akkreditasiya) və ya şəxsən təqdim edilə bilər. 

Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı  verilir. Kart şəxsə yalnız özünün istifadəsi üçün verilir, başqalarına verilmə və başqasının istifadəsi qadağandır.


Xarici media nümayəndələrinin akkreditasiyası üçün aşağıdakı sənədlər tələb olunur:

  • xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin Xarici İşlər Nazirliyinə müraciət məktubu;
  • xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi (Əlavə);
  • iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;
  • xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti;
  • xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti;

tərcümeyi-hal.

  • Bu sayılan sənədləri təqdim etməyənlərin, saxta və ya yanlış məlumat təqdim edənlərin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olan və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olan habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edilən şəxslərin akreditasiyasından imtina edilir.

Akkreditasiya kartını itirdikdə kart sahibi dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verməlidir. İtən kartın yerinə Akkreditasiya kartının dublikatı verilir. Dubilkatın verilməsi üçün  ərizəyə itirildiyinə dair ərizə və 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil əlavə edilməlidir. Bu müraciətə 3 iş günü ərzində baxılır.

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır. 

Media haqqında Qanun imkan verir ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyulsun.



6.3. Jurnalistlərin məlumat almaq hüququnun pozulmasına görə inzibati məsuliyyət


AR İnzibati Xətalar Məcəlləsinin 381 və 382-ci maddələri KİV-lərin və jurnalistlərin hüquqlarının pozulmasını inzibati xəta kimi müəyyən edib və buna görə inzibati cəza nəzərdə tutulub. Qeyd etmək zəruridir ki, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə- fiziki şəxslər 100 (yüz manatdan) 150 (yüz əlli) manatadək məbləğdə, vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək məbləğdə cərimə edilir.

Ayrıca, jurnalistlərin hüquqlarının pozulması yəni qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə - 200 (iki yüz) manatdan 300 (üç yüz) manatadək məbləğdə cərimə edilir.

Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə- 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək məbləğdə cərimə edilir. 


6.3.1. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması


AR İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsi məlumat almaq istəyən tərəfi yuxarıdakı 381 və 382-ci maddələrdə fəaliyyət sahələri vurğulanaraq göstərməklə yox, birbaşa məlumatı verməli olan tərəfin məsuliyyətini müəyyən edib. Bu maddə informasiya tələb edənin jurnalist, bloger olmasından aslı olmayaraq  birbaşa informasiya sahibi olan tərəfin üzərinə məsuliyyət qoyur. 

Media Qanununun müəyyən etdiyi anlayış çərçivəsində jurnalist hesab edilməyən şəxslər də bu maddənin tələblərini rəhbər tutub, qanunvericilikdəki məsuliyyəti işlədə bilər. 

İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsi - bu halda fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə;
  • İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə;
  • İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə;
  • Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsinə və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
  • AR İnzibati Xətalar Məcəlləsinin 372-ci maddəsinin tələbinə əsasən ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılmasına görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
  • AR İnzibati Xətalar Məcəlləsinin 373-cü maddəsində Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğularına mahiyyəti üzrə baxılmamamsı; qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.


6.3.2. Cərimələmə prosedurunun işləyişi


Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması məqsədi ilə İnsan hüquqlrı üzrə Müvəkkil (Ombudsman) təsis edilmişdir. 

28 dekabr 2001-ci ildə qəbul edilən və 5 mart 2002-ci ildə imzalanaraq qüvvəyə minən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsinə görə Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra "ərizəçi" adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Şikayəti şikyətçinin özündən əlavə  insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.

Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.

İnzibati Xətalar Məcəlləsinin 371 – 374, 381 və 382-ci maddələrində nəzərdə tutulan məsuliyyətin işləyişini qanunvericilik Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilə həvalə edib. Bu maddələrdə müəyyən edilən inzibati hüquq pozuntuların baş verməsi halında inzibati hüquq pozuntusunun müəyyən edilməsini- yəni protokol tərtib etmə səlahiyyəti Ombudsmana verilib. Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Fərmanına əsasən İnzibati Xətalar Məcəllənin 371 – 374, 382 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili adından – İnsan hüquqları üzrə müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərtib edir. 

Ombudsmanın informasiya əldə etmək hüquuqnun təminatı məqsədi il İnformasiya əldə etmək hüququnun təmini sektoru fəaliyyət göstərir. 



6.4.  Jurnalistlərin məlumat almaq hüququnun pozulmasına görə cinayət məsuliyyəti


AR Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaya görə cinayət cəzası müəyyən edib. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq-  yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmək—500 (beş yüz) manatdan 1000 (min) manatadək miqdarda cərimə və ya 1 (bir) ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—3 (üç) ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 (iki) ilədək müddətə islah işləri ilə və ya 1 (bir) ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.


7. Media subyektlərinin və jurnalistlərin öhdəlikləri


Media haqqında Qanun media subyektləri və jurnalistlər üçün çoxsaylı öhdəliklər, vəzifələr nəzərdə tutur. Bunlardan ən geniş tələbləri özündə birləşdirən Qanunun 14-cü maddəsidir. Bu maddəyə əsasən, mediada dərc olunan yaxud yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:


  1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışların edilməməsi;
  2. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməsi;
  3. dövlət dili normalarına riayət edilməsi;
  4. irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunmaması, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışların edilməməsi;
  5. terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmaması, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatların yayılmaması, terrorçuluğa açıq çağırışların edilməməsi;
  6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsi;
  7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməsi;
  8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməsi;
  9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməsi;
  10. sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmaması;
  11. faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi;
  12. arapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməsi;
  13. pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsi;
  14. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsi;
  15. Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməsi;
  16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməsi. 

Bunlar:

    1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmək və ya keçirmək barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;
    2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

dövlət sirri təşkil edən məlumatlar;

    1. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;
    2. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;
    3. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
    4. qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;
    5. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;
    6. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);
    7. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
    8. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
    9. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;
    10. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya; 


Bu çərçivədə olan məhdudiyyətlər 4 qrupda müəyyən olunub və fərqli qanunlarda öz əksini tapıb:

Hərbi vəziyyət haqqında Qanun

      1. hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsi;
        1. kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;
        2. hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;
        3. cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;


B) Fövqəladə vəziyyət haqqında Qanun

        1. şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi;
        2. hərbi komendant fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini müəyyənləşdirir.


C) Dini ekstremizmə qarşı mübarizə haqqında Qanun

        1. dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması;
        2. dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
        3. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
        4. dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
        5. dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.


D) Terrorşuluğa qarşı Mübarizə Qanunu

        1. terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları barəsində;
        2. terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar barəsində;
        3. terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar barəsində;
        4. terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər barəsində.


  1. Yerüstü yayımçı proqramlarında yuxarıda nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir. Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.


8. Medianın və jurnalistlərin hüquqi məsuliyyəti


Medianın və jurnalistlərin qanunvericilikdə nəzərdə tutulan vəzifələri icra etməməyə, yaxud tələblərə əməl etməməyə görə müəyyən hüquqi məsuliyyəti nəzərdə tutulub. Bu məsuliyyət mülki, inzibati və cinayət məsuliyyəti şəklində müəyyən edilib. 


8.1. Media subyektləri və jurnalistlərin mülki məsuliyyəti


Media subyektləri və jurnalistlər qanunvericilikdə nəzərdə tutulandan fərqli olaraq, hüquqa zidd şəkildə şəxslərə zərər verərsə və bu zərər cinayət, inzibati məsuliyyətlə cəzalanma nəzərdə tutmazsa, zərərə uğrayan (hüququ və fiziki) şəxslər onlara dəyən maddi zərəri  (həqiqi zərər və əldən çıxan fayda) və mənəvi zərəri məhkəmə qaydasında mülki hüquqa görə tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 23-cü maddəsi bu baxımdan mülki məsuliyyət nəzərdə tutur.  


8.2 Media subyektlərinin və jurnalistlərin inzibati məsuliyyəti 


Media subyektlərinin və jurnalistlərin inzibati məsuliyyəti İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.  İXM-nin 384-cü maddəsi Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edib. Lakin Televiziya və radio yayımı haqqında Qanun 8 fevral 2021-ci ildə Media haqqında Qanunun qüvvəyə minməsi ilə ləğv edilib. Media Qanunu audiovizual yayımçıların fəaliyyətini də tənzimləyir. Bu baxımdan İXM-də bu maddənin mətnində yəqin ki, müəyyən dəyişiklik ediləcək və media haqqında qanunvericiliyin pozulması olaraq dəyişdiriləcək. Qüvvədə olan bu normaya əsasən, Teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasını dedikdə bunları nəzərdə tutur:


  1. nəzarət fonoqramlarının surətinin müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsi;
  2. insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayımlanmaması;
  3. ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunması;
  4. peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulması;
  5. qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlamaması; -başa düşülür və bu pozuntulara görə vəzifəli şəxslər 1500 (min beş yüz) manatdan 2500 (iki min beş yüz) manatadək məbləğdə, hüquqi şəxslər 5000 (beş min) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cərimə edilir.


Teleradio yayımı sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması da ayrıca inzibati məsuliyyət yaradır və buna görə vəzifəli şəxslər 1500 (min beş yüz) manatdan 2500 (iki min beş yüz) manatadək məbləğdə, hüquqi şəxslər 5000 (beş min) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cərimə edilir.


İnzibati məsuliyyət yaradan bir digər maddə İXM-nin 388-ci maddəsidir. Bu maddə KİV haqqında Qanun qüvvədə olan zaman qanunda müəyyən olunan tələblərin pozulmasına görə məsuliyyət müəyyən edib. Hazırda KİV haqqında Qanun da 8 fevral 2021-ci ildə Media haqqında Qanun qüvvəyə minən zaman ləğv edilib. Buna baxmayaraq məzmun dəyişmədən qalıb. Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə, yəni:


  1. açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağa;
  2. mətbu nəşrdə çap olunan materialların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməyə;
  3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaymağa;
  4. istinad məlumatları göstərilməyən kütləvi informasiya vasitələri məhsullarını istehsal etməyə və ya yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə-

-fiziki şəxslər 200 (iki yüz) manatdan 300 (üç yüz) manatadək məbləğdə, vəzifəli şəxslər 500 (beş yüz) manatdan 700 (yeddi yüz) manatadək məbləğdə, hüquqi şəxslər 2000 (iki min) manatdan 3500 (üç min beş yüz) manatadək məbləğdə cərimə edilir.


İXM-nin ən çox inzibati məsuliyyət yaradan maddəsi 388-1-ci maddəsidir. Media Qanunun 14-cü maddəsində də göstərildiyi kimi, bu məsuliyyət məhz onlayn resurslarda yayılan məlumatlar üçün məsuliyyət yaradır. İnzibati məsuliyyət İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması üçün nəzərdə tutulub.

  1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə;
  2. İnternet informasiya ehtiyatında yerləşdirilmiş, yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -
  • fiziki şəxslər 500 (beş yüz) manatdan 1000 (min) manatadək, vəzifəli şəxslər 1000 (min) manatdan 1500 (min beş yüz) manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 (bir) ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 (min beş yüz) manatdan 2000 (iki min) manatadək məbləğdə cərimə edilir.

Qeyd etmək lazımdır ki, İXM-nin bu maddəsində göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

8.2.1. İnzibati cəzalandırma proseduru


15 fevral 2016-cı ildə qəbul edilən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” AR Prezidentinin Fərmanının 5.36-cı bəndində İnzibari Xətalar  Məcəlləsinin 384, 385 və 428.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Milli Televiziya və Radio Şurasının baxdığı bildirilir. 23 fevral 2017-ci il tarixli “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” AR Prezidentinin Fərmannın 13-cü bəndində bildirilir ki, Milli Televiziya və Radio Şurası adından: İnzibati Xətalar Məcəlləsinin 384, 385 və 428.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Şuranın sədri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri baxır. 


8. 3. Media subyektlərinin və jurnalistlərin cinayət məsuliyyəti 


AR Cinayət Məcəlləsində media subyektlərinin və jurnalistlərin qanunvericilikdə göstərilən hüquqların pozulmasına görə müəyyən əsaslarda cinayət məsuliyyəti daşıya biləcəyi nəzərdə tutulur. 

AR Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi təhqirə, 148-1-ci maddəsi sosial mediada böhtan və təhqirə, 323-cü madəsi AR Prezidentinin şərəf və ləyaqətini böhtan və təhqirdən qorumağa, məhz diffamasiyaya görə müxtəlif cəzalar nəzərdə tutub. 


8.3.1. Böhtan

Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—1000 (min) manatdan 1500 (min beş yüz) manatadək miqdarda cərimə ilə və ya 240 (iki yüz qırx) saatdan 480 (dörd yüz səksən) saatadək müddətə ictimai işlər və ya 1(bir) ilədək müddətə islah işləri və ya 6(altı) ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmanın cəzası daha ağırdır- —2 (iki) ilədək müddətə islah işləri və ya 3 (üç) ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 (üç) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


8.3.2. Təhqir

Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —1000 (min) manatdan 1500 (min beş) yüz manatadək miqdarda cərimə və ya 240 (iki yüz qırx) saatdan 480 (dörd yüz səksən) saatadək müddətə ictimai işlər və ya 1 (bir) ilədək müddətə islah işləri və ya 6 (altı) ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

8.3.3. İnternet informasiya resurslarında böhtan və təhqir


İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atmaq və ya təhqir etmək – 1000 (min) manatdan 2 (iki min) manatadək miqdarda cərimə və ya 360 (üç yüz altmış) saatdan 480 (dörd yüz səksən) saatadək müddətə ictimai işlər və ya 2 (iki) ilədək müddətə islah işləri və ya 1 (bir) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd etmək zəruridir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.


8.3.4. AR Prezidentinin şərəf və ləyaqətinin böhtan və təhqirdən qorunması


Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmək və ya alçaltmaq 2 (iki) ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə -3(üç) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır

Bu əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —3 (üç) ildən 5 (beş) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd etmək zəruridir ki: Azərbaycan dövlətinin başçısı — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir.


8.3.5. Çağırışlar


Cinayət Məcəlləsi qanunla yol verilməyən çağırışlara görə də cinayə məsuliyyəti nəzərdə tutur. CM-nin 101-ci maddəsinə əsasən, təcavüzkar müharibəni başlamağa açıq çağırışlar—3 (üç) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kütləvi informasiya vasitələri ilə və ya vəzifəli şəxs tərəfindən törədildikdə cəzanın miqdari daha da artır və —3 (üç) ilədək müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 (iki) ildən 5 (beş) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 


Dövlət əleyhinə yönələn açıq çağırışlar da CM-nin 281-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmək, habelə bu cür məzmunlu materialları yaymaq— 5 (beş) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə bu daha ağır cəzaya səbəb olur —5 (beş) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə—7 (yeddi) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


CM-nin 283-cü maddəsi milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasını cinayət hesab edir. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə—8 (səkkiz min) manatdan 12 (on iki) min manatadək miqdarda cərimə və ya 2 (iki) ilədək müddətə islah işləri və ya 2 (iki) ildən 4 (dörd) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –3 (üç) ildən 5 (beş) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və mütəşəkkil dəstə tərəfindən törədildikdə—3 (üç) ildən 5 (beş) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bəhs edilən əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin maliyyələşdirilməsi –3 (üç) ildən 5 (beş) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Bununla bərabər, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satmaq, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlamaq, əldə etmək, saxlamaq, göndərmək və ya daşımaq kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə –1000 (min) manatdan 2500 (iki min beş yüz) manatadək miqdarda cərimə və ya 3 (üç) ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) ildən 3 (üç) ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 (üç) ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.