12 Mayıs 2023 Cuma

Türkiyə seçkiləri - Uğurlar Türkiyə!

 14 may 2023-cü il, bazar günü Türkiyə Cumhuriyyətinin 100-cü ilində Türkiyəli 64 milyon 113 min 941 seçici dövlətin önəmli iki qolunun - icranın və qanunverici orqanın önümüzdəki 5 ildə kimin idarəsinə veriləcəyini müəyyən edəcək. Seçkilərin nəticələri sadəcə Türkiyə seçiciləri üçün yox, bölgə və dünya ölkələrinin bir çoxu üçün də maraqla gözlənir.

Bunu maraqlı edən 2001-ci idə qurulduqdan bir il sonra iqtidara təkbaşına sahib olması və son 21 ildə Türkiyədə 12 seçki və 3 referenduma rağmən hələ də birinciliyini qoruyan AKP-nin (Ərdoğanın) iqtidarda qalmasıdır. 

Belə ki, 2002-ci il 3 noyabr parlament seçkilərində AKP-nin aldığı səs cəmi 34,28% olduğu halda, ondan sonra keçirilən 5 parlament seçkilərinin heç birində bu partiyanın aldığı səslərin miqdarı 40%-in altına düşməyib. Ardıcıl olaraq bu 6 seçkidəki nəticələr belə yekunlaşıb: 



Seçki tarixləri

Alınan səs miqdarı %-lə

Millət vəkillərinin sayı\toplam say

03 noyabr 2002-ci il

%34,28

365\550

22 İyul 2007-ci il

%46,58

341\550

12 İyun 2011-ci il

%49,83

327\550

07 İyun 2015-ci il

%40,87

258\550

01 Noyabr 2015-ci il

%49,50

317\550

24 İyun 2018-ci il

%42,56

295\600


Ərdoğan iqtidarının seçki uğurları sadəcə parlament seçkiləri ilə kifayətlənməyib. Bu dövrdə 6 parlament seçkilərindən əlavə 4 bələdiyyə seçkisi (2004-41,67%, 2009-38,39%, 2014- 42,87% və 2019-44,33%), 2 prezident seçkisi (2014-51,79% və 2018- 52,59%) və 3 referendum (2007- 68,95%, 2010-57,88%, 2017- 51,41%) keçirilib. Bunların hər birində nəticədə qazanan tərəf olub. 

Xüsusilə, kritik dönəmlərdə risqə gedərək önəmli məsələləri referenduma çıxararaq 3 fərqli referendumda istəyinə nail olub. Bunlardan ilki layiqliyə qarşı olduğu əsas gətirilərək xanımı başörtülü olduğuna görə Abdullah Gülün seçilməsinə parlamentdə problem yaradılanda və Konstitusiya Məhkəməsi qərarı ilə seçkinin nəticəsi ləğv ediləndə prossesə müdaxilə edən tərəfi tərkisilah edərək, həm seçki keçirdi həm də Prezidentin Parlamentdə yox, xalq tərəfindən seçilməsini təmin edən referendum keçirərək 68,95% səslə qalib gəldi. 

İkinci referendum, AKP-nın bağlanması tələbi ilə Konstitusiya məhkəməsi mühakiməsinin sonrasında və ordunun elektron xəbərdarlığını rədd edərək dirənməsindən sonra, ilk çevriliş cəhdi və Ergenokon davası sürəcinə səbəb olan, orduya siyasətə müdaxilə imkanları verən habelə 1980 hərbi çevrilişini reallaşdıranları toxunulmaz edən Konstitusiya müddəalarını dəyişdirərək, ordunun səlahiyyətlərini azaldıb Baş Nazirə tabe edən və 1980 çevrilişinin baş memarı Kənan Evrenin mühakimə olunma yolunu açan referendumda 57,88% səs alaraq məqsədinə çatdı. 

Üçüncü referendum isə 2016-cı il 15 İyul hərbi çevriliş təşəbbüsündən  həmən sonra son 40 ildə hakimiyyətdə və siyasətdə olan liderlərdən Özalın, Dəmirəlin, Türkeşin xəyalı olsa da reallaşdıra bilmədikləri Başqanlıq Sisteminin gətirilməsini nəzərdə tutan referendumda 51,41% səs alaraq məqsədinə nail oldu. 


Tarixlər\seçkilər\referendumlar

Aldığı səs %-lə 

10.08.2014 Prezident Seçkiləri 

%51,79

24.06.2018 Prezident Seçkiləri 

%52,59

21.10.2007- Konstitusiya Referendumu (prezidentin xalq tərəfindən seçilməsi və müddətin 7 ildən 5+5 ilə dəyişdirilməsi)

%68,95

12.09.2010- Konstitusiya Referendumu 

(1980 hərbi çevrilişini həyata keçirən Kənan Evrenin toxunulmazlığının qaldırılması)

%57,88

16.04.2017- Konstitusiya Referendumu

(Başkanlıq sisteminin gətirilməsi)

%51,41

28.03.2004 Bələdiyyə seçkiləri

%41,67

29.03.2009 Bələdiyyə seçkiləri

%38,39

30.03.2014 Bələdiyyə seçkiləri

%42,87

31.03.2014 Bələdiyyə seçkiləri

%44,33



İqtisadiyyatda yaranan problemlər, qiymət artımları, infilyasiya, artan işsizlik, ölkəyə sığınan milyonlarla Suriyalı qaçqın, pandemiyanın əks-təsirləri, tarixin ən böyük ardıcıl 2 yıxıcı zəlzələsinin baş verməsi və 13 milyon insanı etkiləməsi, toplumun müəyyən hissəsində illərdir davam edən dişlanmışlıq duyğusu, hoşnutsuzluq, xarici basqılar, ölkənin müəyyən sahələrinə tətbiq edilən ambarqolar və s. bütün bunların kölgəsində hələ də seçki öncəsi aparılan bütün anketlərdə istisnasız olaraq AKP birinci partiya çıxmaqda və seçkilərin keçirilməsini nəzərdə tutuan 10 mart tarixli qərarın elan edilməsindən bugünədək ictimaiyyətə açıqlanan 55 anketin nəticələrinə əsasən orta göstəriciyə görə hələ də 2002-ci ildə aldığı ilk səs miqdarından daha çox 36,2% səs qazanacağı təxmin edilməkdədir. Üstəlik AKP 2018 seçkilərində seçki öncəsi anketlərin orta göstəricisindən 8% daha çox səs qazandığını da vurğulamaq yerinə düşər. Yəni 36,2% ən aşağı təxmindir və bu rəqəmin 38%-dən çox olma ehtimalı var.

Bu tablo bir sualı gündəmə gətirir? 

Türkiyə seçicisinin davranışlarına nələr təsir edir? 

  1. İqtisadi stabillik.

AKP iqtidarından öncəki koalisya hökumətlərinin qısa ömürlü olmaları, iqtisadi və sosial siyasətlərinin yetərsiz qalmaları AKP-nin iqtidara yerləşməsinə təsir edən əsas amillərdən biridir. 

Türkiyədə 1991-ci ildə İyun ayının 23-də Məsut Yılmazla 48-ci hökumət qurulandan  2002-ci ildə AKP-nin təmsilçisi Abdullah Gülün qurduğu 58-ci hökumətədək 11 il ərzində 11 hökumət qurulmuş, bunların 9-u müxtəlif siyasi konfiqurasiyalardan formlaşan koalisiyaların hökumətləri olaraq, orta ömürləri 1 ildən az olmuşdur. Bu dönəmdə parlamentə seçkilərin heç biri planlaşdırılan zamanlarda keçirilməmiş, hamısı erkən seçkilər olmuşdur. Üstəlik bu dönəmdə parlamentdə olan bütün partiyalar (DYP, ANAP, SHP, CHP, Rifah, MHP) özlərini hökumət ortağı olaraq sınamışdır. 

11 il ərzində istehlakçı infilyasiyası 866,5% (illik ortalama 77,77%), toplam infilyasiya isə 851% (illik ortalama 77,36%) artmışdır. 

AKP-nin 21 illik iqtidarı dönəmində istehlakçı infilyasiyası 284,98% (illik ortalama 14,25%), toplam infilyasiya 374,78% (illik ortalama 18,73%) artıb. 2020-ci il pandemiyayadək 17 illik göstəricilərdə istehlakçı infilyasiyası 170% (illik ortalama 10%), toplam infilyasiya 172% (illik ortallama 10,1%)  artıb. 

2018-ci il seçkilərindən sonrakı 4 ildə ölkədə istehlakçı infilyasiyası 126,79% (illik ortalama 36,7%), toplam infilyasiya 210% (illik ortalama 52,53%) artıb. Xüsusilə diqqət çəkən 2018-ci il seçkilərinədək ölkədə infilyasiya təkrəqəmli olduğu halda, son 4 ildə ortalama infilyasiya 4-5 dəfə yüksəlib. Bu rəqəmlərin sürətlə yüksəlməsi AKP iqridarının son dönəminin infilyasiyanı nəzarətdə saxlaya bilmədiyinin göstəricisidir. Amma hələ də orta infilyasiya həddi AKP-dən öncəki 11 hökumətin orta infilyasiyasının yarı həddini keçməyib. 

Ölkənin iqtisadi böyüməsi, adam başına düşən milli gəlirin səviyyəsi, ixracatın illik həcmi, ölkəyə cəlb edilən investisyalar və digər göstəricilər də iqtisadi stabilliyə təsir edir və seçici davranışlarında rol oynayır. 

2002-ci ildə adam başına düşən milli gəlir 3688 $ ikən, 2013-cü ildə bu rəqəm rekord həddə 12614$ dollara yüksəldi. 10 ildə 4 dəfəyə yaxın artdı. Lakin sonradan bu böyümə yavaş yavaş geriləməyə başladı. 2022-ci il göstəricilərinə görə adam başına düşən milli gəlir 10655$ olaraq hesablanmaqdadır. Bu rəqəm 2002-ci ilə nisbətdə 3 dəfəyədək artmış görünsə də, AKP-nin özünün ilk 10 ilinin nəticələrindən 20% aşağıya döğru geriləyib. 

İqtisadi böyüməyə gəldikdə son 10 ildə hər il hətta pandemiya dövrü də daxil olmaqla iqtisadi böyümə qeydə alınıb və illik ortalama 5,33% böyümə ilə Türkiyə iqtisadiyyatının böyüməsi müşahidə edilib. 

İqtisadiyyatda önəmli bir göstərici də ixracatın həcmidir. 2002-ci ildə Türkiyənin ixracatının həcmi 36 milyard 59 milyon dollar olub. 2012-ci ildə AKP iqtidarının ilk 10-cu ilində hər il artan midarda davam edib və 3 dəfədən çox artaraq 113 milyard 883 milyon dollar təşkil edib. 2022-ci ildə ixracatın həcmi 235 milyard 236 milyon dollara çatıb. Bu 2002-ci ildəkindən 6,52 dəfə, 2012-ci ildəkindən 2,06 dəfə çoxdur. İxracatda imalat (istehsal) sənayesinin payı 94% təşkil edib. Bu əmək bazarına müsbət təsir edən amildir.  

Müqaisə üçün, Türkiyənin 2003-cü ilədək 80 illik Cumhuriyyət dönəmində toplam ixracatı 395 milyard 22 milyon dollar olduğu halda, son 20 ildə 2 trilyon 793 milyard dollar olub. AKP-yədək Türkiyənin illik ortalama ixracı 4,9 milyard dollar olduğu halda, son 20 ilin ortalaması illik 139 milyard 650 milyon dollardır. 

Sadəcə son 2 ildə ixracatın həcmi 460 milyard dollar olub ki, bu da rəqəmlə 2003-cü ilədək 80 ildə olan ixracarın həcmindən 16,4% daha çoxdur. 

Türkiyənin iqtisadiyyatnın böyüməsi sadəcə ixrac rəqəmlərini artırmayıb, idxal rəqəmləri də sürətlə artıb və xarici ticarət açığı böyüməyə davam edib və 2022-ci ildə 107 milyard dollara çatıb.  2022-ci ildə idxalın həcmi 342 milyard dollara, xarici ticarətin həcmi isə ümumilikdə yarım trilyon dolları keçərək 577 milyard dollara çatıb. 

Türkiyə seçiciləri seçkilərdə davranışına iqtisadiyyatın gedişindəki problemlər, infilyasiyanın yüksək olması, alım gücünün aşağı düşməsi, işsizliyin artması bu seçkilər öncəsi əvvəlki dönəmlərə nisbətən daha önə çıxıb və seçicilərin tərcihində hökumətin əleyhinə yönələn faktorlar olacaq.

Lakin dayanıqlı sosial müdafiə sisteminin formalaşması, ödənişsiz sağlıq xidmətlərindən və dərman vasitələrindən istifadə, infrastrukturun əlçatımlılığı və ictimai xidmət sektorunun keyfiyətliliyində müsbət çalarlar da önə çıxır.  Son illərdə sağlıq sektoruna böyük yatırımların qoyulması, böyük xəstəxanaların tikilməsi, hava limanlarının, körpülərin, tunellərin, sürətli dəmiryolu daşımaçılığının yayılması, hər vilayətdə Universitetlərin açılması, sosial müdafiə sahəsində müəyyən sosial layihələrin tətbiqi (TOKİ evləri, yaşlılara, tənhalara və s. xüsusi dəstək proqramları), ictimai xidmət sektorunda ciddi problemlərin olmaması, xüsusilə ictimai nəqliyyat, yol infrastrukturlarının genişləndirilməsi müəyyən müsbət xallarla seçkiyə yansıyacaq.   

Ayrıca aparılan anket araşdırmalarından məlum olur ki, Türkiyənin ən kasıb əhalisinin 45%-dən çoxu AKP-yə səs verdiyi halda, Ən zənginlərin 40%-dən çoxu səslərini CHP-yə verir. Bu amilin də seçkidə təsiri müşahidə ediləcək.


2. Təhlükəsizlik (Terrorla mübarizə və müdafiə sənayesi)

Türkiyədə seçkilər zamanı seçicilərin davranışlarına təsir edən 2-ci önəmli faktor təhlükəsizlik, terrorla mübarizə məsələsidir. 

Ərdoğan hakimiyyətə gəldikdən bir müddət sonra 2005-ci ildən etibarən Avropa Birliyinə inteqrasiya ilə bağlı “kürd açılımı” siyasəti ilə adları birgə çəkilən “kürdlər və terroristlər”  anlayışını ayıran siyasət başlatdı. “Türk kimliyinin” üst kimlik olduğunu, bununla bərabər “kürt kimliyi” də daxil olmaqla çoxsaylı alt kimliklərin olduğunu, kürt kimliyinin inkarının mümkünsüzlüyünü topluma, siyasi elitaya qəbul etdirdi, kürdlərin hüquqları ilə bağlı çoxsaylı əməli addımlar atdı, daha öncələr qadağan olunan kürtçənin mədəniyyətdə, informasiya mühitində, təhsildə, nəşrlərdə istifadəsini sərbəst buraxdı.  Əlinə silah alıb dağa çıxan lakin terror aksiyalarında iştirak etməmiş çoxsaylı terroristin cəmiyyətə inteqrasiyasını dəstəklədi. 40 ildir davam edən, 450 milyard dollaradək Türkiyə itisadiyyatına zərər vuran, 40 mindən çox insanın ölümünə səbəb olan terror aksiyalarına ara verildi. 2014-cü ildə bu prosses "Terrorun Bitirilməsi və Toplumsal Bütünləşmənin Gücləndirilməsi Qanunu” ilə rəsmiləşdirildi və bir müddət silahlar susdu, bölgədə stabillik yarandı, iqtisadi, sosial münasibətlər inkişaf etdi. 

2015-ci il 7 iyun seçkilərində AKP ilk dəfə Parlament seçkilərində 40,87% səs toplamasına baxmayaraq 258 millət vəkili ilə hökumət qurmaq üçün zəruri olan 276 yer qazana bilmədi və təkbaşına iqtidar olma şansını itirdi. Buna səbəb kürt milliyətçiliyi üzərindən siyasət aparan HDP-nin sərt siyasi kampaniya aparması və 10%-lik seçki baryerini aşaraq parlamentdə 13 % səs toplayaraq 80 yer qazanması oldu. Öncəki seçkilərdə seçki baryerini keçə bilməyən bu partiyanın Dhont seçki sistemi səbəbi ilə səsləri hesablanmadığına görə bölgədə 2-ci yerdə olan AKP namizədləri parlamentə girmişdilər. 

Seçkilərdən 5 gün sonra 12 iyun 2015-də həbsdə olan terrorist başı Abdullah Öcalanın silah buraxma çağırışını dinləməyən terror təşkilatı daha sərt ritorika sərgilədi, yenidən terror aktları başladı. Öncə Şanlıurfada İŞİD tərəfindən Suruç qətliamı törədildi, 33 nəfər öldü, 400-dən çox insan yaralandı.  2 gün sonra 22 iyul tarixində evində iki polis başından vurularaq öldürüldü. PKK bu terroru öz üzərinə götürdü. Hökumət bunula da “Dolmabaxça razılaşması” deyilən razılaşmadan çəkildi və “kürt açılımı” yaxud “çözüm sürəci” adlandırılan prosses yarım qaldı. 

7 iyun 2015 seçkilərində AKP-nin terroru bitirmək məqsədi ilə açıq və gizli apardığı bazarlıqlar nəticəsiz qalmış, prosses tərs təpmiş,  terrorun əsl iç üzü ortaya çıxmış və ilk dəfə seçicilər AKP-yə sarı kart göstərmişdirlər. Dönəmin AKP rəhbəri Əhməd Davudoğlunun hökumət qurmaq üçün apardığı bütün cəhdlər parlamentdəki partiyalar tərəfindən (CHP, MHP və HDP) rədd edildi və nəticədə 1 noyabr 2015-ci il yenidən seçki keçirildi. İyun seçkisindən sonrakı 5 ayda terrorla arasına məsafə qoyan və iyul ayından etibarən ölkə daxilində və xaricində terroristlərə qarşı əməliyyatlara start verən AKP hökuməti seçkilərdə 50%-ə yaxın səs alıb, 317 millət vəkili çıxararaq, yenidən təkbaşına hakimiyyətə davam etdi. 

Bu prosses göstərir ki, Türkiyədə seçicilər terrorla mübarizəyə, təhlükəsizliyə iqtisadiyyat qədər önəm verir, səs verdikləri zaman bu amilləri nəzərə alırlar. Terror toplumu ciddi narahat edən səviyyəyə çatdıqda seçicilər üçün təhlükəsizlik qayğısı iqtisadi qayğıların önünə keçir və bu seçki qutusunda əks olunur. Belə olmasaydı AKP iqtidarında infilyasiyanın ən aşağı olduğu 2011-2015-ci illərdə (ortalama 5% ətrafında) 2015 iyun seçkisində təkbaşına hökumət qura bilməmə vəziyyətinə düşməzdi.  

Türkiyə sıradan bir milli dövlət kimi görünsə də əslində tarixdə öz yeri olan Osmanlı imperiyasının varisidir. Bunu həm vətəndaşların davranışında həm də dövlətin xarici siyasət xəttində açıq müşahidə etmək mümkündür. Bu səbəbdən Türkiyə hərbi gücə həmişə önəm verir və ölkənin müdafiə qabuliyyətinin dirəncli olması üçün sistemli addımlar atır. Türkiyə ordusu Cumhuriyyət dönəmində xüsusilə son 60-70 ildə  NATO üzvü olaraq müdafiə ehtiyaclarının böyük əksəriyyətini NATO üzvü ölkələrin istehsal etdiyi silahlardan, sursatlardan qarşılayırdı. 

Ərdoğan iqtidarının ilk 10 ilində bu prosses demək olar ki, ciddi dəyişikliyə uğramadı və sələflərinin zamanında olduğu kimi davam etdi. Lakin Yaxın Şərq ölkələrində “Ərəb baharı” başladıqdan sonra və özəlliklə Suriyada yaşanan olaylar Türkiyəni yaxından etkilədi. Türkiyə Rusiyanın da aktiv dəstəyi ilə Suriyadan gələn hücumlara sərhəd bölgəsində yetərli müqavimət göstərə bilmədi. Hava müdafiə sisteminin olmaması yaxud yetərsiz olması nəticəsində xeyli Türkiyə vətəndaşı öldü, yaralandı və zərər gördü. 

Türkiyə bu olayların kölgəsində NATO-dan dəstək istədi. NATO üzvü olan ABŞ, Almaniya və Hollanda Türkiyəyə Hava Hücumundan Müdafiə sistemləri olan bir neçə Patriot raketlərini müvəqqəti yerləşdirdi. 2- il keçməmiş 2015-ci ildə isə geri çəkməyə qərar verdi.

Rəsmi açıqlamalarda NATO üzvü ölkələr artıq əvvəlki qədər təhlükə olmadığı üçün Patriotları geri çəkdiklərini desələr də, gerçəklər fərqli idi. Xüsusilə 2015-ci ilin ikinci yarısından etibarən Türkiyənin PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması, İraqın şimalında olduğu kimi Suriyanın şimalında da bir özəl kürd bölgəsi yaradılması prossesindən rahatsız olaraq tək PKK-nı deyil, onun Suriya qolu olan PYD-YPG ni də hədəfə alması ABŞ -ı və müttəfiqlərini rahatsız etdi. Çünki ABŞ Türkiyəyə satdığı silahı və dəstəyini yalnız İŞİD-lə mübarizə aparması, onun bölgədə özünə müttəfiq saydığı və hərbi silahlarla təmin etdiyi PYD-YPG-yə toxunmaması qarşılığında vermişdi.

Türkiyənin hava hücumundan müdafiəsiz qalması, üstəlik terroru ilə mübarizə apardığı PKK və uzantısına NATO müttəfiqi tərəfindən açıq dəstəyin verilməsi Türkiyəni alternativlər axtrmağa sövq etdi. Türkiyə ABŞ-dan öz pulu ilə Partiot hava hücumundan müdafiə sistemləri almaq üçün göstərdiyi cəhdlər də öz nəticəsini vermədi. Nəticədə Rusiya ilə S400-lərin alımında razılaşdı. 

Bununla ABŞ - Türkiyə hərbi əməkdaşlığı ciddi zərər gördü. Türkiyə F35 layihəsindən çıxarıldı, F-16 lar üçün nağd ödədiyi milyardlar olmasına baxmayaraq ödədiyi vəsait qaytarılmadan F-16-ların satışı dayandırıldı, F -16-ların moderinizasiyasından imtina edildi və çox ciddi hüquqi addım atıldı. ABŞ-ın Düşmanlarına Sanksiyalarla Qarşı Gəlmə Qanunu kimi bilinən (İngilizcə adıyla: Countering America's Adversaries Through Sanctions Act, CAATSA) sənəd qəbul edildi. NATO müttəfiqi Türkiyə rəsmi şəkildə ABŞ düşməni siyahısına salındı… Əlbəttə ABŞ-Türkiyə münasibətlərinin kəskinləşməsində 15 iyul 2016-cı il hərbi çevrliş cəhdinin arxasında olduğu bildirilən FETO-nun lideri Fətullah Gülənin ABŞ-da xüsusi qorunaqlı yerdə yaşaması, ayrıca müəyyən ABŞ vətəndaşlarının bu hadisədə təqsirləndirilməsinin də rolu danılmazdır.

Bütün bu olaylar Türkiyəni risqləri şaxələndirməyə və alternativ hərbi sənayeni gücləndirməyə təşviq etdi. Son 10 ildə Türkiyə daha öncəsində cəmi 20%-i yerli olan hərbi təchizatın və sənayenin hazırda 80%-i qarşılayacaq gücə gəldi. 

Yerli istehsalı olan Atak helkopterləri, 5-ci nəsil döyüş təyyarəsi  (hür jet), (Milli Müharip Uçak), İnsansız Silahlı Döyüş Təyyarəsi Kızılelma, Silahlı İnsansız uçuş aparatları Bayraktar 2, Akıncı, Anka-Aksungur layihələri reallaşdı. Lazer silahlar, Elektron müharibə sistemləri (düşmənin silah sistemlərini (radar, rabitə sistemi, komanda və idarəetmə sistemi, məlumat şəbəkələri və digər rəqəmsal infrastrukturları) aşkar etmək, yanlış istiqamətləndirmək və pozmaq üçün elektomanyetik spektrindən (EMS-dən )i stifadə edən hər hansı bir hərəkət və ya qabiliyyət), Dəniz altı robotlar, Anadolu çıxarma gəmisi, müxtəlif məsafəli ballistik raketlər və s. kovensional silahlar, zirehli texnikalar, tanklar istehsal edilməyə başlandı. 

Türkiyə seçicisinin davranışlarına bu tablonun təsiri qaçılmazdır. Yuxarıda da vurğuladığım kimi, Türkiyə vətəndaşlarının müəyyən bir hissəsi ölkənin müdafiə qabiliyyətinin önəminə, təhlükəsizliyinin davamlılığına, terrorla mübarizədə kəsintisizliyə, xarici təhdidlərə “dik duruşa” , kənar asılılığın olmamasına səs verəcək. Bu kateqoriya seçici üçün iqtisadiyyatdakı problemlər, işsizlik, infilyasiya, yüksək qiymət, sosial problemlər, ədalət sisteminin işləyişindəki problemlər, demokratik institutların zədələnməsi, ifadə azadlığı problemləri, avtoritarlıq kimi məsələlər ikinci planda qalacaq.  


3. İdeolojik mənsubiyyət 

Türkiyə seçicilərinin səsvermə zamanı davranışlarına təsir edən önəmli məsələlərdən biri də ideolojik mənsubiyyət məsələsidir. 

Cumhuriyyət qurulduqdan sonra 1950-ci illərədək hakim siyasi partiya olan CHP diktə edən tərəf olmuş, mühafizəkar təbəqəni görməməzlikdən gəlmiş hətta “ötəkiləşdirmişdir”.  Xüsusilə “Atatürk inqilabları” adı altında toplumun yaşamına, örf-adətlərinə, dini inancına, geyim-keçiminə, bərabər təmsilinə inzibati müdaxilələr olmuş, çoxsaylı məhdudiyyətlər, inzibati amiranə metodlar tətbiq edilmişdir. 1950-ci ildən etibarən çoxpartiyalı sistemin effektiv tətbiqi və demokratik seçkilərin keçirilməsi mühafizəkar təbəqənin siyasi təşkilatlanmasını və öz liderlərini iqtidarlara daşımasını motivə etmişdir. Lakin bu prosseslər demək olar ki, hər zaman hərbi müdaxilələr və yaxud hərbi xəbərdarlıqlarla dayandırılmışdır. 

Hərbçilərin ilk müdaxiləsi 27 may 1960-cı il hərbi çevrilişi ilə dönəmin Demokrat Partiyasının lideri Adnan Menderesin və siyasi komandasının bir neçə üzvünün həbsi və edamı ilə yekunlaşdı…Halbuki, Menderes 1950, 1954 və 1957-ci il seçkilərində açıq üstünlüklə hakimiyyətə gəlmiş və hakimiyyətini qorumuş, xalqın çoxluğundan dəstək almışdı. 

 Hərbçilər tərəfindən 1961-ci ildə yeni Konstitusiya komissiyası quruldu, konstitusiya hazırlandı və qəbul edildi.

Hərbçilərin müdaxiləsi bitdikdən və siyasi sferada demokratik yarışlar yenidən başladıqdan sonra Demokrat Partiyanın fəaliyyəti dayandırıldığı və ləğv edildiyi üçün onun yerində Süleyman Dəmirəlin liderliyində Ədalət Partiyası fəaliyyətə başaldı və Demokrat Partiyanın açıq davamçısı olduğunu bəyan etdi. 1965-də ilk demokratik seçkidə yenidən Ədalət Partiyası 52,9% səs alaraq birinci partiya oldu və yenidən hakimiyyətə gəlib, mühafizəkarların iqtidarını sürdürməyə çalışdı. 

12 mart 1971-ci ildə hərbçilər mühafizəkarların apardığı siyasətə yenidən müdaxilə edərək, hərbi xəbərdarlıq (“muhtira”) verdi, Demirəl hakimyyəti tərk etdirildi, baş nazir vəzifəsi CHP-li Nihat Erimə həvalə olundu. CHP lideri İsmət İnönü də hərbi müdaxiləni dəstəklədi. Buna qarşı çıxan partiyanın ümumi katibi Bülənt Evecit 1972-ci ildə İnönünü partiya liderliyindən saldı və səs çoxluğu ilə CHP-nin lideri oldu. 

Növbəti  seçkilərdə mühafizəkarların lideri Dəmirəl yenidən seçkidə öndə çıxsa da təkbaşına iqtidar ola bilmədi. Çünki dini mühafizəkar qanad (milli görüş) Partiyadan ayrılmış və Milli Selamət Partiyasını qurmuşdu. Müxtəlif koalisiya hökumətləri qurulsa da davamlı olmadı. Nəhayət azlıq hökuməti Dəmirəl tərəfindən idarə olunarkən, sağ-sol qarşıdurması küçələrə daşdı. Minlərlə gəncin bir-birini öldürməsi kölgəsində 12 Sentyabr 1980-cı ildə Kənan Evrenin rəhbərliyində hərbçilər yenidən hərbi çevriliş etdi və hakimiyyəti ələ keçirdi. 

Siyasətçi liderlər həbs edildi, partiyalar ləğv edildi, siyasi fəaliyyət qadağası gətirildi, 1961 Konstitusiyası ləğv edildi. 

Mühafizəkar siyasi qanad artıq 3-cü dəfə hərbçilər tərəfindən durdurulur, buna rəğmən siyasi iradə hərbi çevrilişə qarşı gəlməyib, boyun əyirdi. Təsadüfi deyil ki, Demirəlin “Şapqamı alıb gedərəm”-deyimi dillərdən düşmür, mizah mövzusu olurdu…

Çevrilişi həyata keçirən Hərbi Qərərgahin rəhbəri Kənan Evren 1982-ci ildə yeni Konstitusiya hazırladıb referenduma çıxardı, hərbi vəziyyət şəraitində keçən referendumda Konstitusiya 92%-lə qəbul edildi. K.Evren isə  parlamentdə özünü Prezident seçdirdi. Turqut Özala ANAP-ı qurduraraq, onun hökumətin başında olmasına dəstək verdi və öz toxunulmazlığını konstitusiya ilə təminat altına aldı.  

1991-ci ildə siyasi fəaliyyət qadağası bitən mühafizəkar liderlər, Dəmirəl, Ərbakan, Türkeş və sol lider Ecevit yeniən siyasətə qayıtdı və elə ilk seçkidə mühafizəkar lider Demirəl qadağan olunan Ədalət Partiyasının yerinə qurduğu Doğru Yol Partiyası ilə 20 oktyabr 1991 seçkilərində yenidən birinci partiya olaraq çıxdı. Bu dəfə Demirəl İsmət İnönünün oğlu Erdal İnönü ilə koalisiya hökuməti qurdu, beləliklə hərbçilərin qəzəbindən yayına bildi. Lakin mühafizəkar seçicilər solla ittifaqda olan DYP-ni 1995 seçkilərində cəzalandırdı və parlamentdə 3-cü yerə düşdü. 

1980 hərbi çevrilişi ilə Milli Səlamət Partiyası ləğv edilən Ərbakanın qurduğu Rifah Partiyası 1995 seçkilərindən birinci partiya kimi çıxdı. Lakin təkbaşına hökumət quracaq qədər lazım olan çoxluğu yox idi. Ərbakan Özalın ölümündən sonra Prezident kürsüsünə oturan Demirəlin yerinə DYP-nin başına gələn Tansu Cillərlə ittifaq quraraq, ilk yarıda özünün sonrasında Cillərin Baş Nazirliyində razılaşdılar. 1996-da Ərbakan Cillərlə ortaq hökumət qurdu. Lakin bu uzun çəkmədi, öncə Ərbakanın Liviya səfəri müzakirə predmeti oldu, sonra Rifah Partiyasının Sincan (Ankarada ilçə) Bələdiyyə başçısının Fələstin gününü anan teatrı layikliyin çöküşü kimi alqılandı. Ordu tankları Sincan küçələrinə çıxardı. Ardından 28 Fevral 1997-ci ildə yenə hərçilərin çoxluqda olduğu Milli Təhlükəsizlik Şurası hökumətə “irtica xəbərdarlığı” verdi və Rifah Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən ləğvi prossesi başlandı. Buna görə İyun 1997-də Ərbakan hökumət ortağı Çillərə razılaşdığı kimi Baş Nazirliyi vermək məqsədi ilə istefasını Prezident Dəmirələ verdi. Dəmirəl gözlənilənin əksinə hökumət qurmaq vəzifəsini DYP rəhbəri Çillərə yox, azlıqda olan ANAP lideri Məsut Yılmaza verdi. Parlametdə çoxluğu olmayan ANAP, DSP və DP birlikdə ANASOL-D azınlıq hökumətini qurdular. 1998-də Rifah Partiyası ləğv edildi və rəhbərlərinə siyasi fəaliyyət qadağası gətirildi. Rifah partiyasından İstanbul bələdiyyə başçısı R.T. Ərdoğan da məhz 1998-ci ildə vəzifədən çıxarıldı, oxuduğu şerə görə həbs cəzası verildi ayrıca siyasət qadağası gətirildi. 

Yenə mühafizəkar siyasi tərəfin siyasi hakimiyyəti kənar- ordu mdaxiləsi ilə sonlandıırldı. Ərbakan 8 saat boyunca ona təzyiq edən Milli Təhlükəsizlik Şurası iclasında dirənc göstərə bilməmiş, qərarların imzalanmasına boyun əymişdi…

Demokratik seçkilərlə 1995-ci ildə birinci partiya olan Rifah Partiyasının  hakimiyyətinin sadəcə 1 il çəkməsi və Ordu mənsublarının basqısı ilə hakimiyyətdən əl çəkdirilməsi, mühakimə edilməsi və qapadılması bu partiyanın yerində Fazilət Partiyasının yaranmasına səbəb olsa da, Ərbakanın və onun çevrəsindəki bəzi siyasətçilərin siyasətlə məşğul olmasının qadağan edilməsi nəticəsində partiyada lider problemi yaratdı. Rəcai Kutanın liderilyini daha gənc olan Ərdoğan və onun çevrəsi, B.Arınc, A.Gül, A.Şener, M.Gökçek və s. qəbul etməyib partiyadan ayrıldılar. 2001-ci ildə bu yenilikçi qanad bir araya gəlib mühafizəkar ənənənin davamını xatırladan Ədalət Partiyasının adını və yanına inkişafı da əlavə edərək Ədalət və İnkişaf Partiyasını (AKP) qurdular və siyasətə atıldılar. 

AKP-nin iqtidarının ilk illəri də ideolojik çəkişləmələrə başladı. 2002-ci il noyabr seçkilərinə bir neçə gün qalmış Konstitusiya Məhkəməsi Ərdoğanın partiya qurucusu və millət vəkili ola bilməyəcəyinə qərar verdi. Ərdoğan kənardan dəstək versə də, Pariyanı seçkiyə Abdullah Gül apardı və ilk Baş Nazir o oldu. Partiya Parlamentdə çoxluğu əldə etdiyinə görə ilk işi yeni Qanun qəbul edərək Ərdoğanın siyasi qadağasını qaldırmaq oldu. Qanun qəbul edilsə də Prezident Əhməd Nəcdət Sezər Qanunu imzalamaqdan imtina ediərək veto qoydu. Qanun yenidən parlamentə gəldi Veto edilən qanunun üçdə-iki səslə qəbulu zəruri idi. Bu dəfə CHP lideri Dəniz Baykal qanuna dəstək verərək Sezərin vetosunu təsirsiz hala gətirdi. Nəticədə qanun qüvvəyə mindi və Siğirtdən seçilən millət vəkili Fadil Akgündüz istefa etdirildi və orada yeni seçki keçirildi. Ərdoğan 85% səs alaraq parlamentə gəldi. Siğirtdə şer oxuduğuna görə həbs edilib, İstanbul Bələdiyyəsindən  və siyasətdən uzaqlaşdıırlan Ərdoğan, yenə Siğirtdən siyasətin mərkəzinə Baş Nazirliyə döndü. 

Amma Ərdoğanın Baş Nazirliyə qayıtması və parlamentdə partiyasının çoxluqda olması işini asanlaşdırmadı. 1998-ci ildə Rifah Partiyasını bağlayan və onun lideri Ərbakana və digər partiya liderlərinə siyasət qadağası gətirən Konstitusiya Məhkəməsinin sədri A.N. Sezər artıq Parlament tərəfindən 2000-ci ildən Türkiyə Respublikasının Prezidenti seçilmişdi. AKP-yə qarşı ilk icraatı Ərdoğanın yolunu açan Qanunu veto etməsi olmuşdu. Sezər sol görüşdən gələn bir şəxs olaraq, Konstitusiyada olan səlahiyyətlərindən gen-bol sui-istifadə etməyə başladı. Hökumətin demək olar ki, önəmli strateji sahələrə təyin etdiyi kadrları təsdiq etmədi. Qanunları veto etdi hətta bir çox dövlət vəzifələrində olan rəhbərlər 2007-ci ilədək müvəqqəti təyinatla vəzifələrini icra etməli oldular. 

Ərdoğan hakimiyyətinin ilk illərində mümkün qədər ordu mənsubları ilə zidləşməmək məqsədi ilə daha ehtiyatlı davranır, fəaliyyətini daha çox iqtisadi idarəetməyə yönəldirdi. Ciddi qarşıdurma 2007-ci il may ayında Sezərin Prezidentliyi başa çatanda yaşandı. Ərdoğanın Prezident olacağını önləmək üçün böyük şəhərlərdə milyonlarla insanlar “cumhuriyyət mitinqləri” təşkil etdi. 

Bu Mitinqləri bir neçə Sivil toplum təşkilatları ilə birlikdə Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri, 2002-2004-cü illərdə Jandarma Komutanı olmuş Şener Eruygur təşkil edirdi. Maraqlıdır ki, Eruygur Jandarma Komutanı olarkən Milli Təhlükəsizlik Şurası üzvü kimi toplantıların birində öncədən hazırladığı kağızı oxuyarkən, hökumətin layiqliyə qarşı fəaliyyət göstərdiyini, irticai fəaliyyət apardığını deyərkən salonda Ərdoğanın masaya əlini vuraraq “Sus lan”-deməsi ilə toplantıda hər kəs donub durmuş, Eruygur tələsik salonu tərk etmişdi. Ardından əməkli olmuşdu. Yenə maraqlıdır ki, Cumhuriyyət mitinqlərinin təşkilindən sonra yenidən seçki keçirən və referendumda istədiyini alan Ərdoğanın əli güclənmiş, çevriliş, xəbərdarlıq edən generallar bir bir 2009-cu ildə Ergenekon davası çərçivəsində həbs olunmuşdu. Toplamda 140-dan çox general və admiral həbsə atıldı. CHP millət vəkili Mustafa Balbayın kompüterində çevriliş planının tapılmasının ardından Şener Eruygur da həbs olundu. Ömrünün qalan hissəsini həbsdə keçirən general bu ilin fevral ayında həbsxanada yıxılıb qaburğasını qırdıqdan sonra öldü…

Ərdoğan 2007-ci il cumhuriyyət mitinqlərindən sonra Prezident olmayacağını açıqladı və özü namizəd olmadı, Abdullah Gülün namizədliyini irəli sürdü. Lakin Abdullah Gülün xanımının başörtülü olması yenidən siyasi krizis yaratdı. Parlamentdə səsvermə üçün toplanan plenar iclası CHP boykot edib qatılmadı. Konstitusiyaya görə ilk səsvermədə parlamentin üçdə-ikisi, 2-ci səsvermədə də üçdə-ikisi, 3-cü səsvermədə yarıdan çoxu, 4-cü sonuncu səsvermədə ən çox səs alan prezident seçilə bilərdi. İlk iki səsvermədə üçdə-iki çoxluq olmadı, 3-cü səsvermədə Abdullah Gül yarıdan çoxun səsi ilə seçildi. Lakin CHP Konstitusiya Məhkəməsinə müraciət edib, seçkinin nəticəsinin ləğvini istədi. Eyni gündə Gelelkurmay Başkanlığı “elektron muhtira” yayaraq layikliyin təhlükədə olduğunu irəli sürdü. Ərdoğan hökuməti çox sərt şəkildə dərhal bunun qəbuledilməz olduğunu, hökumət fəaliyyətinə mdaxilə olduğunu bəyan edib, istefa etməyəcəyini, ordunun öz işi ilə mşğul olmalı olduğunu bildirdi. 

Sonradan məlum oldu ki, hökumətin açıqlamasından öncə Ərdoğanın telefonlarına cavab verməyən Genelkurmay Başkanı Yaşar Böyükanıt bu açıqlamadan sonra Ərdoğanı aradıqda, Ərdoğan xalqın onu hökumət seçdiyini xatırladıaraq, siyasətlə məşul olmaq istəyirsə siyasətə gəlməli olduğunu söyləyib. 

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini ləğvinə dair tələbi qəbul etdi və prezident seçkilərinin nəticələrini ləğv etdi. Səbəb olaraq, daxili nizamnamədə tələb kimi nəzərdə tutulmasa da Məclisdə toplantı yetərsayının da üçdə-iki olmalı olduğunu irəli sürdü. Beləliklə toplantıları boykot edən CHP Məclisi kilitlədi, prezident seçilə bilmədi. 

Ərdoğan dərhal “söz müllətin” deyərək noyabrda keşirilməsi planlaşdıırlan seçkiləri iyul ayında keçirmə qərarı aldı. İyul seçkisində Ərdoğan ilk seçkidə aldığı 34%-i 12% artıraraq 46,58% nəticə, 341 millət vəkili ilə geri döndü. Seçkilərdə boykotla məclisi kilitləyən CHP 66 yer itirdi və cəmi 112 millət vəkili çıxara bildi. Məclisə MHP də gəldiyindən prezident seçkiləri üçün lazım olan üçdə-iki toplantı yetərsayı problem olmadı. 341 AKP və 71 MHP vəkillərinin qatılması ilə Abdullah Gülün prezident seçilməsi baş tutdu. 

Beləliklə, mühafizəkar qanadı təmsil edən Ərdoğan hərbçilərlə ilk qarşıdurmasında geri addım atmayaraq, prossesin üzərinə getdi və nəticədə həm daha çox səs qazanaraq parlamentdə üstünlüyünü qorudu, həm Sezərin kaprizlərindən qurtularaq, Abdullah Gülü Prezident taxtına çıxardı həm də Referenduma gedərək, prezidentin seçilməsini Parlamentdən alaraq, xalqa verdi.   

Bu olaydan sonra ideoloji qarşıdurma səngimədi. Revanşistlər AKP-ni bağlamaq və rəhbərlərinə (Ərdoğan və Gül daxil olmaqla 71 nəfər) siyasət qadağası gətirmək məsədi ilə məhkəmə prossesi başladı. Layikliyə qarşı mərkəzə çevrilmə səbəb göstərilirdi. 2008-ci il mart ayında başlayan prossesə 30 iyulda baxan Konstitusiya məhkəməsinin 11 üzvünün 6-ı AKP-nin bağlanmasının  lehində qərar verdi. Sadəcə Məhkəmə Sədri Haşim Kılıç bağlanmanın əleyhinə səs verdi. Daha 4 hakim maliyyə yardımının üçdə-birinin kəsilməsinə qərar verdi. Beləliklə AKP-ni bağlamaq üçün lazım olan 50%+1 olmağa yarım səs çatmadı. Lakin AKP-nin xəzinədən aldığı maliyyə yadımından bir hissənin kəsilməsi reallaşdı.  Beləliklə, revanşistlər dərhal hesabı bərabərləşdirdilər.

Prosses bununla bitmədi, 2016-cı ildə 15 iyulda FETO dəstəkli hərbi birliklər bu dəfə hakimiyyəti biraşa devirmək üçün silahlı çevrilişə başladı. Parlament, Əmniyyət müdirliyi,  strateji qurumlar bombalandı, TRT ələ keçirildi, Ərdoğanın fiziki məhvinə yönəlik cəhdlər oldu. Ərdoğanın bu prossesdə ilk fürsətdə mobil telefondakı FaceTime üzərindən xalqa müraciət edərək dirəniş göstərməsini istəməsi və dincəldiyi Dalamandan İstanbula ölüm risqinə baxmayaraq dönərək meydanlara gəlməsi, çoxsaylı tərəfdarlarının həyatları bahasına da olsa prossesi yarımçıq kəsdi. Çevrilişə cəhd edənlərin əksəriyyəti və bu planı quranların əksəriyyəti ələ keçirilərək, həbsə göndərildi. Əlbəttə burada Ordunun tam tərkiblə bu prossesə dəstək verməməsi, o cümlədən MHP liderinin oynadığı rolun da qatqısı danılmazıdır.

Beləliklə, Ərdoğan öz mühafizəkar səlflərindən fərqli olaraq həm xəbərdarlıqlara əhəmiyyət vermədi, cavab verdi, həm çevriliş cəhdinə bütün silahların isitfadə olunmasına baxmayaraq dirənə bildi həm də hərbi müdaxilələrə imkan verən Konstitusiya müddəasını referendumla dəyişdirərək, hərbi birlikləri hüquqi və faktiki hökumətin tam nəzarəti altına aldı.   

Ərdoğana və AKP-yə səs verən mühafizəkar seçici kütləsi bu davranışları yüksək qiymətləndirməkdə və onların səslərini hər cür təzyiq altında hətta şəxsi həyatını risqə atmaqla müdafiə edən liderlərinə daha sıx sarılmaqdadırlar. Bu baxımdan ictimai rəydə “ciddi səs itkisi” olacağı düşünülən Ərdoğanın əslində digər arqumentlər əleyhinə olsa belə, bu ideolojik faktor dəstəkçilərini sabit saxlamaqda önəmli rol oynayır. Daha öncələri basqı altında olan mühafizəkar dini təbəqənin həssas məsələləri, baş örtüsü problemi, bərabərlik problemi, imamatib məsələsi və s. Bu həssas qrup üçün digər faktörlərdən öndə qalmaqda davam edir.  Hakimiyyətin davam etməsinə dəstək bu təbəqə tərəfindən həyati məsələ olaraq qalmaqdadır. Layik kəsmin səhvi də bu həssas məsələni daim gündəmdə tutmaq və mühafizəkar təbəqəyə bununla hücum etməkdədir. 


4. Xarici siyasət, beynəlxalq münasibətlər

Türkiyə seçiciləri üçün bir digər önəmli faktor iqtidarların xarici siyasət öncəlikləri, beynəlxalq münasibətlərdəki yeridir. 

Ərdoğan iqtidarının 21 illik xarici siyasət  dönəmini iki hissəyə ayırmaq lazımdır. Birincisi ilk 10-11 illik dönəm. İkincisi son 8-10 illik dönəm. 

2002-ci ildə hakimiyyətə gələn AKP hökumətinin ilk icraatlarından biri Avropa Birliyinə giriş üçün zəruri olan bütün inteqrasiya sənədlərini qəbul etmək, sürətlə Avropa Birliyi üzvünə çevrilmək. İraq müharibəsində ilk davranışı istisna olmaqla ABŞ-la da münasibətlər rəvan gedirdi və ciddi anlaşılmazlıq yox kimi idi. 

İsraillə dost münasibətlər davam etdirilir, Yaxın Şərq ölkələri ilə də yaxınlaşma prossesi sürürdü. İraqa müdaxilə edən ABŞ-a Türkiyə üzərindən keçid verməyərək, İraq xalqını da məmnun etmişdilər. Hətta Suriya ilə sərhəd zonada olan minalanmış ərazilər təmizlənmiş, “qonşularla sıfır sorun politikası” tam qaz davam edirdi. 

Yunanıstanla, yaxınlaşma sürdürülür, Kipr probleminin həlli üçün ortaq fəaliyyətlər davam etdirilir, Adada “Ortaq Dövlət”də bilrəşmə məqsədi ilə Şimali Kipr Türk Respublikasında hətta referendum keçirərək Rum kəsimi ılə birgə olma iradəsini qəbul edirdilər. 

Ermənistanla futbol diplomatiyası sürdürülür, diplomatik münasibətlər qurulmasa da, Prezident Gül  bu ölkəyə səfər edib, Ermənistanlı həmkarı ilə birlikdə futbol seyr edirdi. 100 mindən çox erməni vətəndaşın qanunsuz olsa belə Türkiyədə yaşaması və işləməsinə göz yumulur, Ermənistana uçuş üçün öz hava sahəsini istifadə etdirirdi.

Azərbaycanla, habelə Orta Asiya Respublikaları ilə daha sərin münasibətlər mövcut idi. Lakin Qonşu İranla da əməkdaşlıq çox rəvan gedirdi. Hətta Ərdoğana Tehranın fəxri vətəndaşı ünvanı da təqdim edilmişdi.  

Rusiya ilə münasibətlər də normal davam edir, iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət, turizm sahəsində əməkdaşlıq ikitərəfli mənfəət gətirəcək şəkildə sürdürülürdü. 

Bölgədə ərəb baharının yaşanması geopolitik dəngələri dəyişməyə başadı. Suriyada bir vətəndaş müharibəsinin başlaması ilə Türkiyənin xarici siyasət öncəlikləri dəyişməyə başladı. Çünki oxşar təşəbbüslər Türkiyədə də oldu. Xüsusilə 2013-də Taksimdə Gezi olayları Türkiyəyə münasibətləri və Türkiyənin xarici siyasət öncəliklərini yenidən gözdən keçirməyə məcbur etdi. Xarici siyasətə Son nəzərdən keçirmə də 2016-cı il 15 iyul hərbi çevriliş cəhdindən sonra oldu. 

Türkiyənin AB ilə ilişkiləri başlanğıcda çox istəkli olmasına baxmayaraq pozulmağa getdi. Həqiqətən də bu istiqamətdə demək olar ki, əsas addımlar sürətlə atılır, bütün istəklər ardıcıl yerinə yetirilirdi. 2005-ci ildə bütün istəkləri sürətlə qəbul edən Türkiyə AB-yə üzvlüyün erkən müzakirəsini tələb etməyə başladı. AB Kipr məsələsini bəhanə edərək, prossesin sürətli aparılmasından yana olmadığını göstərdi. 2007-də Türkiyə AB-dən dəqiq üzvlüklə bağlı tarix istədi, lakin ciddi addım gəlmədi. Nəhayət 2012-ci ildə Ərdoğan Almaniyada AB ilə münasibətlərdə 2023-dək daxil edilməzsə dayandırıla biləcəyini qeyd etdi. Beləliklə AB yolu faktiki olaraq bağlı qaldı və 2012-dən sonra bu istiqamətdə ciddi addımlar olmadı.

İsraillə münasibətlər Fələstinə yardım aparan Mavi Marmara gəmisinə silahlı hücumdan və 2009-da Davos Formunda İsrail Baş Naziri ilə məşhur ”one minute” dialogundan sonra demək olar ki, durdu. Yalnız son bir-iki ildir İsrail Prezidentinin Ankara səfərindən sonra yenidən müəyyən ilıq münasibətlərin qurulması müşahidə edilir. 

ABŞ-la münasibətlər İŞİD-lə mübarizə adı altında ABŞ-ın İraqda və Suriyada PKK, YPG-PYD terror birliklərinə açıq dəstək verməsi, silahlandırması ilə limoniləşdi, partiotların satılmaması, bunun üzərinə Rusiyadan S-400-lərin satın alınması ilə Türkiyəni F35- layihəsindən çıxarma, F16-lardın satılmasından, F16-larin moderinləşdirilməsindən imtina və düşmənlər siyahısına (CAATSA) salınma ilə  gərginləşdi, 15 iyul çevrilişini təşkil edən FETO-nun orda mevzilənməsi, keşiş Bronsonun həbsi və Tramp tərəfinən sanksiyalarla hədələmə gərginliyi pik həddə çatdırdı. ABŞ Prezidenti Bidenin hakimiyyətə gəldikdə Ərdoğanın getməsi üçün müxalifətə maksimum dəstək verməliyik- deməsi ilə gərginlik daha da yüksəldi. Hazırda bu münasibətlər gərgin və “Məcburi müttəfiqlik” -mehriban düşmanlar səviyyəində davam etdirilir. 

Rusiya ilə münasibətlər 2015-ci ildə Rus qırıcı təyyarəsinin vurulması ilə gərginləşdi, daha sonra Rusiya Səfirinin öldürülməsi olayı yaşandı lakin o mərhələdə Türkiyədə çevriliş cəhdi və cəhdin altından FETO-nun çıxması vurulan təyyarənin də bu qruplaşmaya aid edilməsi münasibətləri təkrar yumşaltdı. (Baxmayaraq rus təyyarəsinin vurulması əmrini o dönəmin Baş Naziri Davudoğlu şəxsən verdiyini açıqlamışdı).  Xüsusilə tərəflər S-400 məsələsində, Akkuyu atom santralının tikintisi məsələsində, mavi qaz satışı məsələsində və son olaraq Ukrayna müharibəsi zamanı taxıl diplomatiyası çərçivəsində əməkdaşlığı sürdürə bilir.  Suriyada, Liviyada, Azərbaycanda mənafelərin toqquşması mövcud olsa da, əməkdaşlıq ruhu daha ön plandadır və hər iki tərəf  bir-birinə “ məcburi möhtaclıq” hiss etdiklərinin fərqindədir.  

Ərdoğanın Beynəlxalq nifuzunun artması da müşahidə edilir. BMT-nin strukturuna sistemli tənqidi yanaşaraq, “dünya 5-dən böyükdür”- mesajı ilə, BMT-nin yenidən formalaşmasının zəruriliyini hər fürsətdə vurğulayır. Bu bir çox zəif ölkələrin rəğbətini toplayır.

Afrika ölkələri ilə müəyyən iqtisdi əlaqələr qurulmasına açıq cəhdlər edir. 

Yaxın şərqdə Ərəb ölkələri ilə münasibətləri bərpa etməyə səy gösətrir. Qətərlə olan dost münasibətlər yüksək səviyyədədir. Hətta Dünya futbol çempionatının təhlükəsizliyini Qətər Türkiyə polisinə etibar edəcək qədər münasibətlər istidir.

Misirlə Sisinin hərbi çevrilişi və Mursinin devrilməsi və edamı ilə pozulan münasibətlər yenidən təmir edilməyə çalışılır. 

Liviyada hakimiyyətin devrilməsinə imkan verməyərək, mövcud hakimiyyətə dəstəyini sürdürərək yüksək əlaqələrin qurulmasına vəsilə olub. Türkiyə ordusu müəyyən fəaliyyətlərdə, təhsildə Liviyaya tam dəstək verir. 

Ərəb Əmirlikləri ilə münasibətlər yenidən bərpa olunmaqdadır.

C. Kaşıkçı cinayətindən sonra Səudiyyə ilə pozulan münasibətlər yavaş-yavaş bərpa edilir. 

Azərbaycanla Abdullah Gülün Prezidentliyi dönəmində gərginləşən münasibətlər artıq tamamilə unudulub, xüsusilə 44 günlük müharibədə verilən hərbi-siyasi dəstək iki ölkə arasından əməkdaşlığı hərbi müttəfiqlik səviyyəsinə çatdırıb. Bir millət-iki dövlət konsepsiyası hər müstəvidə yüksək səviyyədə davam edir. 

İranla məsafəli, lakin düşməncə olmayan münasibətlər davam edir. Ermənistan tərəfi ilə əlaqələr daha çox Azərbaycan-Ermənistan münasibətlərinə indekslənib. Lakin yaxın perespektivdə bir sülh müqaviləsinin olması Türkiyə ilə münasibətlərə də müsbət təsir edəcəyi qaçılmazdır.

Orta Asiya dövlətləri ilə, Azərbaycan və Macarıstan da daxil olmaqla Türkdilli ölkələrin sammiti keçirilir, əməkdaşlıqlar yeni müstəvilərə daşınır.


Ərdoğan hökumətinin apardığı xarici siyasət, xüsusi ilə qərb ölkələri ilə məsafəli, türkdilli ölkələrlə daha isti, qonşu ölkələrlə milli məanferlər üzərinə qurulan qarşılıqlı anlayış, Rusiya, Ukrayna ilə tərəf tutmayaraq hər iki tərəflə qarşılıqlı əməkdaşlıq “Mavi vatan”, Libiya siyasəti, Suriyada tampon bölgə fəaliyyəti, Azərbaycana tam dəstək, Rusiyaya qarşı embargoya qatılmama və iqtisadi, enerji, turizm əməkdaşlığının sürdürülməsi, İsraillə yenidən münasibətlərin bərpası toplumun geniş təbəqəsi tərfindən məqbul qarşılanmaqda və mənimsənməkdədir. Bu baxımdan xarici siyasətə öncəlik verəcək seçicilərin tərcihi bu baxımdan üst-üstə düşə bilər. 


Yekun


Yekun olaraq, Türkiyə seçicisinin davranışı burada sayılmayan başqa amillərdən də asılı ola bilər. Amma daha önə çıxanları vurğulayaraq, mənzərəni göstərməklə seçicilərin tərcihlərinə təsir edən etkənləri bir-bir ələ aldıqda öncəki seçkilər zamanı olan vəziyyətin müəyyən sahələrdə gerilədiyi, müəyyən sahələrdə irəlilədiyini müşahidə etmək mümkündür. Bu onu göstərir ki, hakimiyyətin ömrü uzunömürlü olsa da, onun dinamikliyi bu uzunömürlülüyü legitimləşdirən amildir. 21 il bir hakimiyyətin davam etməsi və dəyişməməsi baxımından çox uzun bir müddətdir. Lakin demokratiyanın üstün tərəfi budur ki, hakimiyyət xalqın tərcihi ilə siyasi tərəflərə keçir. İndiki hakimiyyət 21 ildə toplam 15 fərqli formatda xalqa gedib, xalqın rəyini alıb. Əgər xalq bu müddətdə ciddi fikir dəyişikliyinə getməyibsə, deməli bu günədək aparılan siyasətdə müsbət çalarlar daha çox tapıblar və alternativlərə yönəlməyiblər. Əlbəttə alternativlərin kimliyi, ortaya qoyduqları real təkliflər, inandırma qabiliyyəti, dəyişimin zərurilyinin və üstünlüklərinin doğru əsaslandırıla bilməsi  kütləni cəlb etmə baxımından önəmlidir. 

Ərdoğanın yaşına və xəstəliyinə rağmən çox çalışqan olması, prossesləri doğru oxuya bilməsi, rəqibləri ilə mübarizədə öz dəsti-xəttini dəyişmədən sərt ritorikasını sürdürərək rəqiblərini o müstəviyə çəkməsi, verdiyi sözləri tutma qabiliyyəti, hədəfinə çatmadakı qərarlılığı, təşəbbüskarlığı, karizmatikliyi, dəyərlərinə bağlılığı, xalqın içərisindən çıxdığı görüntüsünu mühafizə etməsi, seçkilərdə yüksək nəticələr göstərməyi həyat fəlsəfəsi halına gətirməsi, son 30 ildə iştirak etdiyi  17 seçki və referendumun hamısında qalib gəlməsi, 100 illik Türkiyə Respublikasında seçkilərlə fasiləsiz hakimiyyətdə ən uzun müddətdə qalmağı bacaran lider olması, ölkədən kənarda da lider kimi sevənlərinin və sevməyənlərinin çox olması onu öz seçicilərin gözündə cazib edir.  

Seçicilərə mənfi təsir edən tərəflərə gəldikdə, iqtisadi problemlərin daha qabarıq olması, hakimiyyətdə uzunmüddətli qalmanın insanlarda yaratdığı bezginlik, korrupsiya və nepotizm, avtoritarlıq, hüququn işləyişinə müdaxilələr, qucaqlayıcı yox, ayrışdırıcı dil üslubu seçicilərə mənfi təsir edəcək tərəflərdir. 


Müxalifətin  də üstün və zəif tərəfləri mövcuddur. 

Üstün tərəfi budur ki, qarşısında 21 illik bir iqtidar var. İqtisadi problemlər 21 ildə ən üst səviyyədədir, qiymətlər yüksəlib, infilyasiya artıb, alım gücü aşağı düşüb. Hakimiyyətdə metal yorğunluğu var. Şəxsən Kemal Kılıcdaroğlu dürüst, sadə insandır, kobud deyil, avtoritarlıq sezilmir, korrupsiyaya bulaşmayıb. Bunlar iqtidarın əleyhinə, müxalifətin lehinə istifadə oluna biləcək arqumentlərdir. 

Zəif tərəfə gəldikdə, Müxalifətin əsas namizədi Ərdoğandan daha yaşlıdır. Daha öncə heç bir siyasi başarısı olmayıb. Heç bir seçkini udmayıb. Karizmatikliyi yoxdur. Təşəbbüskarlığını göstərməyib, 6 ortağı bir araya gətirən konkret ideya deyil, qarşılarındakı Ərdoğanı yıxmaq istəyidir. Bu kövrək birlikdir və Ərdoğanın yıxılması ilə məqsəd bitmiş ola bilir. Fərqli siyasi-ideoliji tərəflər olduğundan çox qırılqan birlikdir. Seçkini udması üçün terrorla məsafə saxlamayan HDP-nin dəstəyi iticidir. 

Ortaqlarına gəldikdə onların siyasi çəkisi, üstün başarısı yoxdur, Davudoğlu və Babacan faktiki Ərdoğanın komandasında onun liderliyində nə ediblərsə odur, özlərinin müstəqil başarı hekayələri yoxdur. Davudoğlu ayrıca Ərdoğan dönəminin ən tənqid edilən dövründə Baş Nazir vəzifəsi daşıyıb.

İyi Partiya rəhbəri Meral Akşenerin də zik-zaklı siyasəti heç də birmənalı qarşılanmır. DYP-də DİN rəhbəri olmasına baxmayaraq, “DYP-RP iqtidarını mən yıxdım”- etirafı, AKP-nin qurucuları arasına girməsi və çəkilməsi, MHP-nin kurmaylarından olub, partiyanı bölməsi, ən son 6-lı masanı ağır ittiham edib masadan çəkilməsi və sonra heç nə olmamış kimi geri dönməsi etibarlı siyasətçi-lider görüntüsü vermir. 6-lı masanın digər kıçık ortaqlarının birlikdə baxdıqda 1%-lik bir səs alma potensialının olmaması baxımından onalrın üzərində durmağa gərək görmürəm. 

Bir sözlə 21 illik Ərdoğan iqtidarını bitirmək istəyənlər əsasən 21 illik dönənmdə siyasətdə olanlardır və yeni simalar, yeni ideyalar deyil. 

Millət İttifaqının ortaya qoyduğu proqramın müsbət tərəfləri olmaqla bərabər, Türkiyədə birmənalı qarşılanmayan və xüsusilə mühafizəkar tərəfdən qəbul görməyən vədlər mövcuddur. Amma ən böyük problem seçki kampaniyası zamanı deyilən yanlış ifadələrin təsirləri ola bilər. Məs. Kılıcdaroğlunun “gələn kimi Türkiyənin xarici siyasətini 180 dərəcə dəyişəcəyik”- deməsi, çox ciddi səhvdir. Rusiya ilə münasibətləri gərən açıqlamalar verməsi geo-politik baxımdan Türkiyədən başqa hər kəsin əlinə oynamaqdır.

 Daha öncələr “Mavi Vatan” layihəsinə qarşı çıxışı, “Bizim Liviyada nə işimiz var”- deməsi indi isə “xarici siyasəti 180 dərəcə dəyişəcəyik”- deməsi bu dediklərini etməyə qərarlı olduğuna işarədir. Bu Türkiyənin milli çıxarları baxımından ciddi geri addımlarıdır və Türkiyə seçicisinə təsir edəcək amillərdir.     

Yekun olaraq, bu analiz nəticəsində gəldiyim qənaət  budur ki, Türkiyədə Ərdoğan iqtidarının ən zəif olduğu dönəmdir. Enerji asılığı olan bir ölkə kimi pandemiyada ağır iqtisadi itkiləri, təbii fəlakət - zəlzələnin vurduğu zərərlər, böyük güclərlə gərgin və sərin münasibətlər, xalqın sosial-iqtisadi rifahının aşağı düşməsi, ədalət sistemindəki problemlər onun seçilməsini çətinləşdirən amil kimi görünür. 

Buna baxmayaraq qarşısında olan tərəf də Ərdoğansız Türkiyəni irəli aparacaq, inkişaf etdirəcək, problemləri çözəcək, toplumda güvən hissini yaradacaq, toplumsal barışı təşviq edəcək görüntüsünü tam verə bilməyib. Müxalifətin çoxbaşlı olması, hər başdan fərqli səslərin çıxması seçicini ikna etməkdə tərəddüd yaradan amillərdir. 

Ayrıca seçicilərin üçdə-ikisi Ərdoğan dönəmindən öncəni görən, yaşayan seçicilərdir. Bu da onların müqaisə etmək imkanlarını göstərir. 

Bir sözlə Türkiyə seçicilərinin gözü ilə tərəfləri bütün amilləri nəzərə alaraq tərəziyə qoyduqda, tərəzinin hələ də Cumhur İttifaqının namizədi Ərdoğan olan tərəfinin ağır basdığı görülür. 

Bu görüntü bizi yanıltsa və tərəzinin digər gözü - Millət İttifaqının namizədi Kılıcdaroğlu qazansa belə, onu çox ciddi problemlərin gözləyəcəyi, terrorla başının dərdə girəcəyi, ilk növbədə komandasında fərqli fikirlərin önə çıxacağı və davamlı ola bilməyəcəyi böyük ehtimaldır. 

Hansı tərəfin qazanmasından aslı olmayaraq bu seçkinin qalibi Türkiyə xalqı olacaq. Çünki, bu xalqın sayəsində bütün dünyanın gözünün dikildiyi demokratik, plüralist bir seçki prossesi aparılır. Bu qürurvericidir. Uğurlar Türkiyə!


Hiç yorum yok:

Yorum Gönder