22 Haziran 2023 Perşembe

Sərbəst hərəkət hüququ keyfi məhdudlşdırıla bilərmi?

 Gələn görüntülərdən məlum olur ki, Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxış polis tərəfindən post qurularaq, nəzarətə götürülüb və xüsusi fövqəladə rejim tətbiq edilir. 

Bir yaşayış yerinə giriş-çıxışın xüsusi buraxılış rejiminin tətbiq edilməsi yalnız qanunla nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər.Azərbaycan Konstitusiyasının 28-ci maddəsi Azadlıq hüququnu təminat altına alıb. 


28-ci  maddənin 1-ci bəndində: "Hər kəsin azadlıq hüququ vardır"- deyilir. 

3-cü bəndində isə" "Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər"- yer alıb. 


İstənilən şəxs ölkə ərazisində sərbəst hərəkə edə bilər. Bunu yalnız qanunla nəzərdə tutulan hallarda məhdudlaşdırmaq mümkündür.


Söyüdlü kəndinə giriş üçün xüsusi fövqəladə rejimin tətbiqi qanunda nəzərdə tutulubmu?


Öncə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNUNA nəzər yetirək.


Bu Konstitusiya Qanunun 2-ci maddəsi Məhdudlaşdırılması qadağan olunan insan hüquqlarını sayarkən, 28-ci maddənin 1-ci bəndini də vurğulayır və yalnız müharibənin hüquqauyğun aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla hər hansı məhdudlaşdırmanı mümkün hesab etmir. Yəni rəsmi qaydada hərbi vəziyyət rejimi elan edilməyibsə, məhdudiyyət nəzərdə tutula bilməz.


28.3-cü bəndə gəldikdə, Konstitusiya Qanununun 3.6-cı maddəsi sərbəst hərəkətin məhdudlaşdırılmasının qanunla nəzərdə tutulacağı halaları sadalayıb. 


Bunlar aşağıdakı hallardır:

  1. Dövlət təhlükəsizliyi mənafeləri üçün;
  2. sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün;
  3. cinayətin qarşısının alınması məqsədi ilə;
  4. ictimai təhlükəsizliyin qorunması üçün;
  5. ictimai qaydanın təmin edilməsi üçün;


Bəs bu hallar hansı qanunlarla nəzərdə tuutlub və necə tətbiq edilməlidir?


  1. İlk ağla gələn qanun Hərbi vəziyyət haqqında Qanundur. Hərbi Vəziyyət Rejimi müharibə zamanı Prezident tərəfindən tətbiq edilərək 24 saat ərzində Milli Məclisdə təsdiqlənərək tətbiq edilməlidir. 2020-ci il Sentyabrın 27-dən dekabırın 8-dək bütün ölkədə tətbiq edilən bu rejim bizə tanışdır. Lakin hazırda ölkədə rəsmi şəkildə hərbi vəziyyət rejimi tətbiq edilmədiyinə görə bu seçənəyi sıradan çıxarırıq.
  2. Fövqəladə vəziyyət haqqında Qanunda nəzərdə tutulan format. Fövqəladə vəziyyətin tətbiqi ölkənin bir hissəsində də tətbiq edilə bilər. Lakin bunun tətbiqi üçün də Prezidentin tətbiq Fərmanı və Milli Məclisin 24 saat ərzində həmin Fərmanı təsdiqi lazımdır. Bu istiqamətdə nə fərman olub, nə də onun parlamentdə müzakirəsi və təsdiqi. Deməli bu seçənəyi də ələyirik.
  3. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA nəzərdə tutulan yoluxucu xəstəlik təhlükəsi. Biz bunu pandemiya dönəmində tətbiq ediələn xüsusi rejimlərdə yaşadıq. Gədəbydə və Söyüdlü kəndində zəhərli su yığılan gölün insan sağlığını ciddi təhlükəyə atdığını rəsmi qurumlar inkar etdiyindən, bu səbəblə də giriş-çıxışları məhdudlaşdırmaları münkün deyil. Çünki, bölkəni sağlıq üçün təhlükəli bölgə elan etməyiblər. 
  4. İctimai asayiş mənafeləri baxımından bir digər qanun “Əməliyyat-axtarış fəaliyyəti” haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUDUR. Bu Qanunda müəyyən əsaslar olarsa məhdud yoxlamaların həyata keçiriləcəyi nəzərdə tutulsa da sərbəsr hərətəkin məhdudlaşdıırlması, xüsusi buraxılış sisteminin tətbiqi nəzərdə tutulmayıb. Ayrıca, 4-cü maddədə aydın göstərilir ki, “Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər”. Məlum kənddə olan sivil etiraz aksiyasının dövlətə qarşı olmadığı, sadəcə bir kommersiya şirkətinin ətraf mühitə verdiyi zərərin təsirinin azaldılmasını dövlət qurumlarına və ictimaiyyətə çatdırma məqsədli olduğu nəzərə alındıqda, kəndə giriş-çıxışların məhdudlaşdırılması və kənd sakinlərindən başqa kəndə qonaq gedən, yas məclisinə qatılmaq istəyən və s. şəxslərin  hərəkətlərinə məhdudiyyət qoyulması bu çərçivəyə girmir.  
  5. Ərazi Dövlət sitti haqqında Qanun çərçivəsində xüsusi girişi məhdudlaşdırılan hərbi obyektlərin ərazisi olmadığına görə, bu qanunun tətbiqi çərçivəsinə də daxil olmur.


Deməli, bu kəndə giriş-çıxışın polis tərəfindən xüsusi fövqəladə rejimlə tənzimlənməsi Azərbaycan qanunvericiliyində isnad ediləcək hüquqi dayanağı mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin III bəndi habelə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNUNUN 3.6-cı maddəsi özbaşına, qanunla nəzərdə tutulmayan əsaslarla keyfi məhdudlaşdırmanı qadağan edir.