17 Aralık 2022 Cumartesi

Türkiyədə İmamoğlu müəmması: Hakimiyyət, yoxsa məhrumiyyət?

 15 Dekabr 2022-ci ildə İmmaoğlunun məhkumiyyətinə  dair məhkəmə qərarını şərh etdim.

“Türkiyədə məhkəmə sistemi üçpilləlidir. İlkin məhkəmədən sonra “İstinaf” (Apellyasiya Məhkəməsi) və “Yargıtay” (Ali Məhkəmə) mərhələsi var. Bu qərarın qüvvəyə minməsi üçün hələ 2 instansiyadan keçməlidir və bu qərar sadəcə ilkin qərardır. İkincisi, Türkiyədə, Azərbaycanda olduğu kimi, diffomasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulub. Bu məsələdə diffomasiya elementi olduğu üçün bu çərçivədə bir neçə il öncə cinayət işi açılmışdı. Bu mühakimə prosesi isə Türkiyədə uzun çəkir”.


Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.

O, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə başçısı Əkrəm İmamoğlunun Türkiyə Ali Seçki Qurumunun (YSK) üzvlərini təhqir etdiyi üçün 2 il 7 ay 15 gün həbs cəzasına məhkum olmasından söz açıb.

“Məsələnin mahiyyətini qiymətləndirməyə gələndə, demək olar ki, bu, Türkiyədə ilk deyil. Məhkəmə 25 il öncə Rəcəb Tayyib Ərdoğanın özünü də ifadələrinə görə bələdiyyə sədri olarkən həbs etmişdi. Hətta o zaman həbs qərarı icra olunmuşdu və o, 6 ay həbsdə yatdı. Amma indiki halda praktika göstərir ki, Əkrem İmamoğlu 2 il 7 aylıq həbs müddətini hər hansı bir formada həbsxanada keçirməyəcək. Hətta qüvvəyə minsə belə, 1 gündən artıq həbsxanada qalmayacaq, yəni İmamoğlunu dəmir barmaqlıqlar gözləmir”.

Hüquqşünas söyləyib ki, İmamoğlunun siyasəti fəaliyyətinə qadağa qoymaq, yaxud da hansısa formada siyasətdən uzaqlaşdırmaq üçün həbsin ortaya atılması iddialarının öz-özlüyündə ifadə azadlığa nə qədər böyük təhdid yaratdığını və ümumiyyətlə, diffomativ ifadələrə görə cinayət məsuliyyətinin yerini olmadığını göstərir:

“Təəssüf ki, Türkiyə uzun illərdir bunu qanunvercilikdən çıxarma istiqamətində islahatlar aparmır. Azərbaycan kimi, Türkiyə cəmiyyəti də bundan əziyyət çəkir.

Nəhayət, sözə görə, əgər söz nifrət nitqi deyil, sırf diffomativdirsə, buna görə həbs cəzasının qanunvericilikdə nəzərdə tutulması yolverilmzədir. Hesab edirəm ki, qanunvericilik yenidən nəzərdən keçirilib daha da liberalllaşdırılmalıdır. Amma Əkrəm İmamoğlu bu sözü dediyinə görə, hüquq bu gün onu məsuliyyətə cəlb edə bilər. Bu baxımdan, mən məhkəmənin praktik olaraq qanuna istinad edib “Heç bir siyasi təzyiq olmadan qərarı çıxarmazdımı” sualını versəm, cavabı “çıxara bilərdi” olacaqdı. Yüzlərlə belə qərar çıxır və bu da onlardan biridir”.

Ə. Əhmədoğlu düşünür ki, işin siyasi tərəfinə baxanda, bir bələdiyyə sədrinin, çoxsaylı insanların səs verdiyi şəxsin, habelə prezident seçkilərində namizəd olma ehtimalı olan bir şəxsin ətrafında belə bir hadisənin baş verməsi, əslində, siyasi bir manevrdir və onun tərəfdarlarını, ona səs verənlərin sayını artıra bilər:

“Əgər hökumətin bu prosesdə əli varsa və hökumət doğrudan da, ədalət sisteminə müdaxilə edib, belə bir qərarın çıxarılmasına səbəb veribsə, deməli, bu məsələd hökumətin özü də maraqlıdır. Yəni İmamoğlunun reytinqi artsın, o, “Altılı masa”nın (müxalifətin dəyirmi masası – red.) namizədi olsun”.

 Müsahibimiz əlavə edib ki, burada başqa hesablar da ola bilər:

“Fərqli yönlərdən baxsaq, bunu müxtəlif konspiraloji aspektlərdən qiymətləndirə bilərik. Bu gün üçün İmamoğlu zərərçəkmiş kimi görünə bilər, amma reallıqda bu hərəkət, əgər siyasi hakimiyyətin ədalətə müdaxiləsi ilə baş verirsə, o zaman hökumətin yox, İmamoğlunun xeyrinə işləyən bir məqamdır”.

Üçüncü konspiroloji yanaşma o, ola bilər ki, ədalət məhz mövcud hakimiyyətin əleyhinə olan qərar verir. Qısası, bu, həm də iqtidarı gözdən salmaq üçün ola bilər”.

Rafi MÜSLÜMOV

https://yenisabah.az/turkiyede-imamoglu-muemmasi 

“BMT-də qəbul olunan qərar kağız parçasından başqa bir şey deyil“

 Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə  28 Fevral 2022-ci ildə bildirdiyim münasibət.

https://yenisabah.az/bmt-qebul-olunan-qerar-sade-kagiz-parcasindan-basqa-bir-sey-deyil-huquqi-rey

Tanınmış hüquqşünas Ələsgər Əhmədoğlunun “Yeni Sabah”a müsahibəsi:

- Bu gün BMT Baş Assambleyasında (BA) Rusiyanınn Ukraynaya qarşı həyata keçirdiyi müdaxilə ilə bağlı qətnamə müzakirə olunacaq. 11 ölkənin iştirakı ilə Təhlükəsizlik Şurasında müzakirədə Rusiya veto hüquqdan istifadə edərək qərarın qüvvəyə minməsinin qarşısını aldı Sizcə, bu dəfə Rusiya əleyhinə qərar qəbul olunması realdır? Həm də bunun effekti olacaqmı?

- Rusiyanın Ukraynaya bu formada açıq müdaxiləsi və beynəlxalq hüququ pozması, əslində, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq nizamı tamamilə bitirib. Düşünmürəm ki, əvvəlki mexanizmlər keçərli və qalıcı olacaq. Eynilə 1939-cu ildəki Almaniyanın davranışları Millətlər Cəmiyyətinə necə son qoymuşdusa , məncə, bu da İkinci Dünya müharibəsindən sonra formalaşan sistemin iflasıdır. Bundan sonra BMT-nin nüfuzu heç bir halda beynəlxalq problemi həll edə bilməyəcək.

Bu baxımdan BMT BA-da qəbul olunan qərar sadə kağız parçasından başqa bir şey ola bilməz. Qətnamənin tətbiq gücü, ümumiyyətlə, demək olar ki, BMT-nin varlığı ciddi sual altına alır. Bu tip hərbi müdaxilələrdə, o cümlədən işğallarda bilavasitə BMT Təhlükəsizlik Şurasının (TŞ) sədri, həmçinin, onun 5 veto hüququ üzvündən biri olan tərəf, əgər BMT-nin özünü heçə sayır və onun prinsiplərini ayaqlayaraq başqa bir ölkəyə hücum edirsə, həmin qurumun bundan sonra mövcud olmasının heç bir legitim səbəbi də qalmır.

Rusiya faktiki olaraq, bu hərəkətilə özünü beynəlxaq miqyasda ciddi təcrid etdi. Artıq Belarus istisna olmaqla, Rusiyanın yaxınında olan bütün ölkələr Kremlin haqsız olduğunu və onun qarşısında olduqlarını bəyan edir. Eyni zamanda, sanksiyalar artıq dalbadal qəbul olunur. Həm NATO, həm də Aİ üzvü ölkələrdə. Hətta AŞ-də Rusiyanın səsvermə hüququ dondurulub. Bütün bunlar göstərir ki, Rusiyanın bu addımı onun beynəlxalq aspektdə təcridə aparır və bundan sonra daha böyük təsirlər olacaq.

- BMT TŞ-də bir neçə ölkə, o cümlədən Çin, Hindistan, BƏƏ BMT Rusiya əleyhinə təklif olunan qətnamənin səsverməsində bitərəf qaldı. Sizcə, bu günkü səsvermənin nəticəsində özlərini “afsaytda saxlayan” daha nə qədər ölkə olacaq?

- Hüquq idman oyunu deyil, hüquq bəlli prinsiplər toplusudur və prinsiplərin də ədalətə dayanma məsələsi var. Bu aspektdən baxanda, əgər söhbət haqsızlığa qarşı rəy bildirərkən tərəfsiz qalmaq və yaxud da lehinə, ya da əleyhinə səsvermə mərhələsindən gedirsə, bu, artıq tamamilə siyasi bir manevrdir. Artıq orada kimin tərəfsiz qalacağı, kimin lehinə, ya da əleyhinə səs verəcəyi o qədər önəmli deyil. Önəmli olan odur ki, artıq ortada işğal faktı var və kimlərsə buna qarşı çıxır, kimlərsə bunu görməməzliyə vurur, kimlərsə də bitərəf qalır. Halbuki mahiyyət etibarilə, hərə öz mindiyi gəmini deşməklə məşğuldur.

Bu quyu hər kəsin ayağının altında qazıla, bütün dövlətlərin suverenliyi hansısa bir təhdidlə qarşı-qarşıya qala bilər. Bu məsələdə tərəfsiz qalmaq, çəkingən olub prosesə girməmək kimi yanaşma, uzun perspektivdə heç nəyi vəd etmir. Tam əksinə, bir gün yenə də eyni problemlərlə qarşı-qarşıya qalacağımızı göstərir.

Ümumiyyətlə, hüququn təməl prinsipi nədir? Hüququn aliliyi. Beynəlxalq hüquqda önəmli olan hər kəsin tanıdığı ortaq hüququ prinsiplərin hörmətlə qarşılanması və ona əməl olunmasıdır. Hazırda baş verənlər bütün bunların yox olması ilə bağlıdır. Əgər kimsə çəkinirsə, kimsə tərəfsiz olmağı düşünürsə, eyni zamanda, o, bu hüquq prinsiplərini tapdalamasına bir başqa formatda cəhd göstərir.

- Bəs, BMT Baş Assambleyasında Azərbaycanın mövqeyi necə olacaq?

- Birincisi, Azərbaycan özü 30 ildir ki, işğaldan əziyyət çəkən bir tərəf kimi işğala açıq şəkildə qarşı olduğunu bəyan etməlidir. İkincisi, Azərbaycan hüququn aliliyi prinsipini, beynəlxalq hüquqda dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin fundamental prinsip olduğunu yüksək səslə bəyan etməlidir və Rusiyanın aqresiv işğal siysətinə açıq şəkildə qarşı çıxmalıdır. Baxmayaraq ki, Rusiya ilə münasibətlərimiz var, amma eynilə Türkiyə necə ki, hüquqa zidd hərəkətə açıq şəkildə qarşı gəlibsı, Azərbaycan da bunu açıq şəkildə deməlidir.

Doğrudur, Azərbaycan bunu üstüörtülü şəkildə dedi. İlk günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyev, eləcə də xarici işlər nazirinin müavini Araz Əzimov rəylərini səsləndirmişdi. Amma konkret olaraq Azərbaycan XİN rəhbərinin bununla bağlı açıq mövqeyi də olmalıdır ki, ərazi bütövlüyünə, həmçinin, suverenliyə müdaxiləni bir mənalı olaraq rədd edirik və Rusiya ordusu Ukraynadan dərhal çəkilməlidir, ancaq danışıq masasında, sülh yolu ilə prosesin həllinə yol axtarılmalıdır.

- BMT-nin qətnamələrinin icrası ilə bağlı ciddi iradlar var. Azərbaycanda vaxtilə Qarabağ münaqişəsinin nizamlanması ilə ilə əlaqədar 4 qətnamənin icrasız qalmasından şikayətçi olub.  Yəni irad budur ki, qətnamələrin yerinə yetirilməsi üçün hər hansı bir mexanizm yoxdur. Bəs, indi necə olacaq? Ukrayna məsələsində ortaya çıxacaq qətnamələrin icrası üçün hər hansı bir mexanizm ortaya çıxa bilər?

- Əvvəla, BMT BA-nın qərarı ilə BMT TŞ-nin qərarı fərqli şeylərdir. BA-nın qərarı daha çox qınaq sənədidir. TŞ-nin qərarı daha aydındır ki, bunu icra etməyə digər ölkələri, bəlkə də, təşviq etmək olar. Amma unutmayaq ki, BMT-nin yekun qərarlarına veto vqoymaq hüququ olan 5 ölkə vardır ki, onlardan biri də Rusiyadır. Rusiya özü əleyhinə olan qərara səs vermək və onun icrasına imkan yaratmaq qədər də sadəlövh deyil.

Ümumən BMT artıq fəaliyyətsiz bir qurum halındadır. Onun sanksiya gücü, o cümlədən tətbiq gücü yoxdur. Bəlli məsələdir ki, BMT-nin NATO kimi ayrıca bir qüvvəsi olsaydı və bu qüvvəni formalaşdırsaydı, hər hansı bir dəstək verə bilərdi.

Ayrı-ayrı məqamlarda hansısa koalisiya gücləri formasında bu icralar formalaşıb və tətbiq olunub. Bunu 1999-cu ildə keçmiş Yuqoslaviyada, eləcə də, Əfqanıstanda gördük. Amma bunlar BMT TŞ-nin üzvlərinə qarşı yönəlmiş qərarlar olmayıb. TŞ-nin daimi üzvlərinə yönəlik belə bir qərarın nə qəbul olunması mümkündür, nə də tətbiqi. Çünki bu sistemin özü ədalətsiz formalaşıb. Türkiyə Prezidenti Ərdoğanın dediyi kimi: “Dünyanın 5-dən böyük olmasına baxmayaraq, dünyanı 5-lər idarə etməyə çalışır”. Ona görə də bu gün BMT tıxanıb və artıq işlənilməz vəziyyətə gəlib çıxıb.

Rafi MÜSLÜMOV