26 Nisan 2017 Çarşamba

Prezident Administrasiyası ləğv olundu mu?

Dünən (25 aprel 2017) Milli Məclis Dövlət qulluğu haqqında Qanuna dəyişiklik etdi. Vəzifələrin təsnifatını tənzimləyən normalardan "Prezident Administrasiyası" sözü çıxarılaraq, Prezidentin fəaliyyətini tənzimləyən orqan kimi dəyişdirildi və onunla eyni statusda yeni vəzifələr yaradıldı.  İlk baxışdan bunu son Konstitusiya dəyişikliyindən sonrakı normal prosedur kimi təqdim etmək olardı. Lakin dərin araşdırdıqda xeyli problemli məqamlar ortaya çıxır.

Image result for Qanunvericilik       Konstitusiyanın 109 cu maddəsinin 13-cü bəndində Prezidentin səlahiyyətlərindən biri də  “13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;”- cümləsi ilə göstərilib.
Burada “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını” sözü böyük hərflərlə göstərildiyinə görə xüsusi isim kimi qəbul edilir və konkret qurumdan bəhs edildiyi anlaşılır. Əgər administrasiyası sadəcə idarəetmə anlayışı kimi nəzərdə tutulsa idi,  bu söz xırda hərflərlə yazılar və ümumi isim kimi göstərilərdi.  Ümumi isim kimi nəzərdə tutulsa Prezidentin müstəsna səlahiyyəti kimi bu qurumu özünün qəbul etdiyi Yerli İcra hakimiyyəti haqqında Əsasnamədə istədiyi kimi adlandırma səlahiyyəti olardı. Təsadüfi deyil ki, 2009-cu il mart referendumuna qədər bu anlayış “İcra Aparatı" formasında Konstitusiyada mövcud idi və məhz buna görə Prezidentin fəaliyyətini tənzimləyən orqan o zaman “Prezidentin İcra Aparatı” adlanırdı. Həmin qurum referendumdan sonra adını “Prezident Administrasiyası” olaraq dəyişdi.
Bunu vurğulamaqda məqsədim, Konstitusiyada mövcud olan bir qurumun adının istər İcranın başı kimi Prezidentin aktlarında, istərsə də hakimiyyətin digər qolu Milli Məclisin qəbul etdiyi sənədlərdə (qanunlarda) olduğu kimi istifadəsi zəruridir. Çünki bu qurum konstitusion qurum halına gətirilib.

Image result for dövlət gerbi              İkinci diqqət çəkən məqam, Prezident tərəfindən vitse-prezidentin səlahiyyətlərinin çərçivəsini açıq şəkildə müəyyən edən sənəd qəbul edilmədən, yəni Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə bu istiqamətdə hər hansı düzəliş, dəyişiklik yaxud əlavə edilmədən, Milli Məclisin Dövlət qulluğu haqqında Qanunda vəzifə təsnifatı bölməsində yeni vəzifələr əlavə etməsi və mövcud Əsasnamədəki vəzifənin adını dəyişdirməsidir.
Mövcud Konstitusiya buna yol vermir. Çünki,   7-ci maddənin son cümləsi: “- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;”- deyir və 99-cü maddədə bir daha  “Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur”- deyərək prinsipi norma halına gətirir.
93 cü maddənin 4-cü bəndi: “ IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.”- norması ilə hakimiyyət bölgüsü çərçivəsində səlahiyyətlərin ayrıldığını vurğulayır.
Prezidentin səlahiyyətlərinin geniş formada göstərildiyi 109-cu maddədə 7-ci bənddə aydın göstərir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yaratma” səlahiyyəti Prezidentin müstəsna səlahiyyətindədir və yaradılan orqanların səlahiyyətlərini də 124-cü maddənin 3-cü bəndində göstərildiyi kimi “124 III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
      İndi yaranan hüquqi durum belədir:
Image result for milli məclisMilli Məclis Prezidentin səlahiyyətlərinə müdaxilə edərək Prezident tərəfindən yaradılmalı olan lakin,  hələlik yaradılmayan bir qurumun vəzifələrini yaradıb və hətta Dövlət qulluğu haqqında Qanunda təsnifata salıb.  (Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini) .
 Halbuki, http://www.e-qanun.az/framework/23701 bu linkdə də görə bilrəsiz ki, hazırda qüvvədə olan Əsasnamədə belə vəzifələr yoxdur və bunlar yaradılmadan Qanundakı təsnifata salınmamalıdır. Deməli, Milli Məclis Konstitusiyada prezidentə məxsus səlahiyyətlərə qanunsuz müdaxilə edib.
Eyni zamanda Prezident Administrasiyası sözünün Əsasnamədən çıxarılmadan, Qanundan çıxarılması da eyni səviyyədə hüquq pozuntusudur.    

 Yekunda bir məqamı da vurğulamaq istərdim.













Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə  görə yuxarıda bəhs etdiyin Əsasnamə fərmanla qəbul edildiyinə görə normativ hüquqi akt hesab olunur. Ona olna dəyişikliklər 85.2-ci maddəyə əsasən “Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir”. Yəni kimsə deməməlidir ki, hansısa sənəd mövcuddur lakin yayılmayıb, yaxud sistemdə yoxdur.