12 Temmuz 2016 Salı

Daxili problemlərimizin beynəlxalq konfransda müzakirəsinin səbəbləri

6-7 İyil 2016-cı il tarixdə ATƏT-in Vyanada yerləşən Media ofisinin təşkilatçılığı ilə 13-cüsü təşkil olunan Cənubi Qafqazda Media Konfransında növbəti dəfə iştirak etdim. 

Hər il payızda keçirilən bu Konfrans bu il ənənələri pozaraq yayda keçirilirdi. Bunun səbəbi yəqin ki, Media ofisinin rəhbəri Dunya Myatoviçin 4 illik fəaliyyət müddətinin başa çatması və yaxın həftələrdə bu postu sələfinə  təhvil verməli olduğu ehtimalı idi.

Konfransın gündəliyi hər il olduğundan daha yüngül tərtib olunmuşdu. Mövzu başlıqlarının aktuallığı diqqət çəksə də müzakirə istiqamətləri o qədər də aktual olmadı. Xüsusilə Bosniyadan dəvət edilən ekspertlərin təqdimatı Cənubi Qafqaz ölkələri üçün çox aktual görünmürdü. Mövzunun müzakirəsi zamanı iştirakçılığın zəif olmasının da səbəbi bu idi. Əslində ayrı-ayrı ölkələrin media azdlığının ənənəvi müzakirəsi üçün nəzərdə tutulan oturumun olmamamsı qızğın müzakirələri olmamasına gətirib çıxarırdı. Amma buna baxmayaraq bir istisna oldu. Elə ilk paneldə məruzəçinin Azərbaycandan dəyərli jurnalist, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri  Arif Əliyevin olması, onun özünəxas şəkildə peşəkar bir təqdimat etməsi müzakirələrin qızışmasına ilk təkan oldu. Arif bəy bəlkə yumşaq, amma kifayət qədər faktlara söykənən və düşündürən bir çıxış etdi. Bu tip tədbirlərdə belə “diplomatik” çıxışın əsas səbəbi sevmədiyimiz amma bir mühiti paylaşdığımız Ermənistan təmsilçilərinin də orda olması olur. Arif bəyin mövzusunun jurnalist təhlükəsizliyi və diffomasiya olması özü-özlüyündə ciddi müzakirələri tətikləyirdi. Çünki, Azərbaycanda hələ də həbsdə jurnalistlər və blogerlər var. Xüsusilə  Azərbaycan saatı üçün işləyən tanınmış jurnalist Seymur Həzi, xeber44.com dini saytının baş redaktoru Araz Quliyev, azadxeber.org saytının baş redaktoru Nicat Əliyev, blogerlər Abdulla Əbilov, Rəşad Ramazanov, Ömər Məmmədov müxtəlif səbəblərlə həbsə atılsalar da, onların vəkilləri, ailələri və media ictimaiyyəti bu həbslərin əslində ifadə azadlığını məhdudlaşdırmaq üçün aparıldığını bildirir. Son 3-4 ayda Tofiq Yaqublunun, Rauf Mirqədirovun, Xədicə İsmayılın, Pərviz Həşimlinin azadlığa çıxması vəziyyəti bir qədər yumşaltsa da bu gerçəklərin tamamilə görünməsini önləməyib.
Ayrıca, ölkədə rəsmilər sistemli şəkildə diffomasiyaya görə son 6 ildə heç kimin məsuliyyətə cəlb edilmədiyini, Prezident tərəfindən moratorium elan edildiyini  desələr də, əslində bu sahədə də vəziyyət ürəkaçan deyil.  Son illər bu sahədə xeyli məhkəmə qərarları mövcuddur.
Tanınmış rejissor Eldəniz Quliyevə qarşı DİN rəhbərinin qaldırılan xüsusi ittiham nəticəsində Məhkəmə Rejissoru məcburi küçə süpürmə cəzasına məhkum etmiş, eyni cəza Elman Türkoğlunun iddiası ilə hakim önünə çıxarılan Xədicə İsmayıl üçün də tətbiq edilmişdir. Access bankın keçmiş işçisi  Mikayıl Talıbov  Facebookda Access Bank haqqında yazdığı statusuna görə Cinayət Məcələsinin 147.1 (böhtan) maddəsi ilə 9 ay islah işlərinə və cərimə ödəməyə məhkum edilmiş və iş Ali Məhkəmə səviyyəsinə qədər davam etdirilmişdir. Hazırda bu tendensiya davam edir və tanınmış telejurnalist, professor Qulu Məhərrəmliyə qarşı AZTV-nin rəhbəri Alışanovun iddiası Yasamal məhkəməsində baxılmaqdadır.
Təbii ki, vəziyyət belə ikən bu məsələlərin üzərindən beynəlxalq tədbir olsa da sükutla keçmək mümkün deyil. Arif bəy də son slaytını məhz Qulu Məhərrəmlinin karikaturası ilə bitirərək, məsələnin ciddiliyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 
Əlbəttə Arif bəyin sadaladığı faktlara, qiymətlndirməyə Azərbaycan tərəfindən qatılan rəsmi şəxslər və rəsmi şəxslərin mövqeyini dəstəkləyən qeyri-rəsmi şəxslər birbaşa reaksiya vermədi. Bəlkə də vermək də istəmədi. Çünki, bu tip müzakirələrdə bəzən geniş hədəf olmamaq üçün susmaq ən doğru “silah” ola bilir.
Arif bəyin təqdimatından sonra müzakirələrdə Mehman müəllim də ölkə mediasının iqtisadi azadlığının əlindən alınmasını vurğulayan çox obyektiv bir qiymətləndirmə etdi. Əsas müzakirə və qarşılıqlı ittihamlar isə 2014-cü ilədək ölkədə jurnalist azadlığı və təhlükəsizliyi sahəsində geniş fəaliyyət dairəsi olan, 2014-cü ilin avqustunda ofisi bağlanıb, hesabları həbs olunan və cinayət işinə məruz qalan, 10 aya yaxın müddətdə İsveçrə Səfirliyində sığınacaq tapan və sonra da ölkə vətəndaşlığından çıxarılaraq İsveçrəyə İsveçrə Xarici İşlər Nazirinin təyyarəsi ilə göndərilən Emin Hüseynovun çıxışından sonra başladı. Xüsusilə Eminin Rasim Əliyevin öldürülməsinin səbəbi kimi onun ölkədən çıxarılmasında oynadığı rolun da ehtimallar arasında olmasını dedikdən sonra, rəsmilər ona cavab verib, qərəzli olmaqda suçladı.

Əslində bu toplantıda bu günədək heç bir siyasi tərəflərə qatılmayaraq, müstəqil fəaliyyət göstərməyi həfələyən bir hüquqşünas olaraq müəyyən müşahidələrimi paylaşmağı özümə borc bilirəm. 

Bu tip tədbirlərə qatılan tərəflərin geri döndükdən sonra bəlli mövqenin formalaşmasına dəstək olmaları çox zəruridir. Orda olan hər kəs gördü ki, Azərbaycan tərəfi daha ciddi daxili problemlərini ümumi müzakirə ortamına çıxardı. Bunun səbəbləri çoxdur:

  •        Azərbaycanda son illər fərqli mövqeləri olan, hökumətin media siyasətini bəyənən və dəstəkləyən tərəflə bunu  bəyənməyən, dəyişməsini istəyən tərəflərin bir masa arxasında hansısa mövzunu müzakirə etməsi imkansız hala gətirilib. Bunu edəcək tərəf əslində hökumət nümayəndələri olmalıdır. Dialoq qapısı bağlı olarsa, hər bir tərəf ən qara rəngi ortaya sərir və harada olmasına əhəmiyyət vermədən, kimin yanında olmasına baxmayaraq problemləri qabarıq önə çıxarır. Təcrübəmdən bilirəm ki, media oyunçusu olmayan, müstəqil hüquqşünas kimi qatıldığım tədbirdə rəsmi toplanan statistikanı sadaladığım və diffomasiyaya görə hələ də məhkəmələrdə qərarlar çıxarıldığını dediyimə görə dərhal mənə hücum edən, arqumentsiz məni suçlayan şəxslərin olmasının şahidiyəm. 
  •     Eminin Rasim Əliyevlə bağlı səsləndirdiyi ehtimallara cavab vermədən çox öncə  həmin ehtimalları yaradan səbəblər üzərinə getmək lazım idi. Rasim Əliyevin ölümünə birbaşa səbəb olanlar bu gün cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum ediliblər və cəzaya məruz qalıblar. Lakin istintaqın tam obyektiv aparılmasında olan şübhələr qalır. Cavid Hüseynovun işinin bu işdən ayrılması və maddəsinin dəyişdirilməsi çox da obyektiv yanaşma deyil. Xüsusilə, xəstəxanaya özü gələn, orda olduğu 9 saatda müsahibə verən, ümumi vəziyyəti normal görünən bir şəxsin qəflətən pisləşməsi və daxili qanaxma ilə ölməsi ciddi həkim qüsurunun olma ehtimalını yaradır. Təəssüf ki, istintaq sənədlərində sadəcə Səhiyyə Nazirinin məktubu ilə bu məsələyə son nöqtə qoyulmuş, heç bir müstəqil ekspertiza ehtiyacı görməmişdir .Belə olan halda, arzu edilməsə də hökumətin yanaşmasına şübhələr yaranır.  
  •      Ölkədə səlahiyyət sahibləri bu səlahiyyətlərini xüsusi İmtiyaza çevirərək, alternativ baxışları rədd etməklə problemin həll olacağını düşünür. Nəticədə, müxtəlif beynəlxalq platformalarda daim müzakirə və qınaq obyektinə çevrilməkdən xilas ola bilmir. Bu isə öz növbəsində neqativ ölkə imicinə kapital yığmaqdan başqa heç nəyə yaramır. 
  •       Müstəqil şəkildə medianın problemlərini müzakirə etmək istəyənlərin hər hansı müstəvidə bir araya gəlməsinə ciddi maneələr törədilir. Xüsusilə, barmaqla sayılacaq şəkildə az olan yerlər xüsusi nəzarətə alınır və müstəqil şəxslərin də iştirakı ilə müzakirə ortamı qəsdən önlənir. Məsələn, Sivil Toplum Platforması olaraq 22 iyul mətbuat günü ərəfəsində dəyirmi masa keçirmək üçün BMM-ə müraciətimizə maraqlı cavab almışıq. Iyul ayının sonunadək yerimiz yoxdur. BMM-in iki salonu var və gün ərzində 16 saat toplantı keçirmək imkanı var. Lakin 20 gün ərzində bir saat vaxt ayıra bilmir. Bunun açıqlaması budur: BMM-də 20 gündə 320 saat tədbir olacaq. Maraqlıdır, bu qurum iyul ayında nə qədər vergi ödəyəcək? Yerin hər saatına 100 manat tələb edən BMM, əgər 320 saat tədbir keçirirsə o zaman onun 20 günlük gəliri 32 min manat olacaq. Öz məntiqləri ilə illik gəlirləri yarım milyon manat edən bu qurum, ildə azı 30 min manat vergi verməlidir. Otellərdə də vəziyyət belədir. Müraciətə verilən cavab budur, biz sadəcə mədəni tədbirlərə yer ayırırıq. Sizin tədbirlər ictimai-sosial tədbirlərdir və keçirilməsinə yer ayıra bilmərik. Bunun hüquqi tərəfini bir kənara atıram, ayrıseçkilik tərəfini də bir tərəfə atıram. Burdan çıxan nəticə budur, əgər Azərbaycanlı mütəxəssislər, media əhli öz problemlərini bir masa arxasında, öz ölkəsi hüdudlarında müzakirə edə bilmirsə, bunu ilk fürsətdə kənarda edəcək. Deməli bunu aradan qaldıracaq addım atmırsınızsa, buna hazır olub, tənqidləri dinləməli olacaqsınız.
  •       Tez-tez erməniləri, gürcüləri nümunə gətirib, öz nümayəndə heyətimizə irad bildirən dostlarıma xüsusi xatırladıram. Ermənistanın müstəqil ekspertləri, alternativ fikirlər bildirən media təmsilçiləri ölkələrində icra etdikləri qrant layihələrini çatdıra bilmirlər. Bir qurumun 7-8 işlək qrantı var və onların icrasına hökumətləri şərait yaradıb. Biz isə ölkədən qovub çıxardığımız, yaşamasına icazə vermədiyimiz və hətta vətəndaşlıqdan çıxardığımız şəxsdən mərhəmət gözləyirik ki, ermənilərin yanında problemlərdən danışmasın, problemləri şişirtməsin. Bu normal gözləntidir mi? Siz bunun baş verməməsi üçün nə etdiniz ki, indi gözləntiniz mövcuddur?
6.     
  •          Regionda və dünyada  son illər xeyli  tanınan, jurnalist araşdırmaları ilə gündəmdə olan birinin ölkədən çıxışına fiziki məhdudiyyət qoymaqla onun düşüncələrini, özünüifadə imkanlarını indiki zamanda məhdudlaşdırmaq olmaz. Bu sadəcə mümkün deyil. Bunu dərk etmək lazımdır. Xədicə İsmayılın dəvətli olduğu konfransa iştirakına imkan verməyən və çıxışına məhdudiyyət tətbiq edən məhkəmə sistemi və ona göstəriş verən siyasilər dərk etməlidir ki, Xədicə xanım ora getsə bəlkə 10-15 dəqiqəlik bir çıxış edərdi. Bəlkə də etməzdi. Amma getməyinə icazə vermədiyinizə görə yarım saat skype vasitəsi ilə toplantı iştirakçılarına müraciət etdi. Həm fikirlərini dedi, həm də bu format özlüyündə ölkə haqqında çox şey dedi. Bu yanaşmalardan imtina etməyin vaxtı axı çoxdan keçib!
  •          Mənim bir digər müşahidəm budur ki, ölkənin rəsmi qurumları və qeyri-rəsmi təmsiçliləri sadəcə səfərə getmək üçün bu tip tədbirlərə getməməlidir. Söhbət mediadan, ifadə azadlığından gedirsə, bu sahədə bilgi və təcrübəsi olan, beynəlxalq hüquq prinsiplərini mənimsəyən şəxslərin getməsi və danışması daha yerinə düşər. Peşəkar mühitdə qeyri-peşəkar qatılım və müzakirə kənardan çox primitiv görünür.  


Yekunda səmimi şəkildə qeyd etmək istəyirəm ki, mən çox istərdim ki, biz daxili problemlərimizi bir masa arxasında toplaşaraq müzakirə edək, onların çözümünə birgə yol axtaraq. Bir-birimizlə yeri gələndə sərt müzakirələr aparaq, amma bir-birimizi dinləməyi bacaraq, deyilən sözlərin mahiyyətinə empatiya quraraq baxaq. O zaman hansısa beynəlxalq tədbirdə sevmədiyimiz qonşularımızın hüzurunda yəqin ki daxili problemlərimiz müzakirə etməzdik.