10 Mayıs 2016 Salı

UNESCO-nun “Dünya Mətbuat azadlığı günü” tədbirindən izlənimlər

  “Dünya Mətbuat azadlığı günü” tədbirindən izlənimlər
2-4 May 2016-cı il tarixləri arasında Finlandiyanın paytaxtı Helsinkidə UNESCO-nun təşkilatçılığı ilə təşkil olunan  “Dünya Mətbuat azadlığı günü” tədbirlərində iştirak imkanı əldə etdim. Hər bir tədbirdə iştirak etdikdən sonra, mümkün qədər müşahidələrimi paylaşaraq, qalıcı olmasına çalışıram.
Bu səfər də mənim üçün çox məhsuldar və yaddaqalan oldu. Xeyli maraqlı ikitərəfli görüşlərim oldu. Effektiv oturumlarda iştirak edib həm öz təcrübələrimizi paylaşmaq, həm də müxtəlif təcrübələri yaxından öyrənmək imkanı əldə etdik.  
Tədbirlərin ilk günü Helsinkinin önməli məkanlarından biri olan Finlandiya Hall`da bir neçə paralel oturumlar, müzakirələr təşkil edilmişdi. Mən bizim regionu və xüsusilə ölkəmizi də yaxından ilgiləndirən mövzulardan biri olan “iki ölkə, tək peşə” adlı panelə qatılaraq, orda xüsusilə Ukrayna və
Rusiya jurnalistlərinin Ukraynanın bir hissəsini və Kırımı işğal edib sonra ilhaq edən, on mindən çox insanın ölümünə, 20 min insanın yaralanmasına, yüzminlərlə insanın evini, yurdunu tərk etməsinə səbəb olan hərbi münaqişədən sonrakı “dialoq” mühitini yaxından müşahidə imkanı əldə etdim. Paneli İREX Avropa ilə birlikdə Rusiya və Ukrayna Jurnalistlər İttifaqı birlikdə təşkil etmişdi.
Doğrudur, panel iki ölkə arasında münasibətlərə aid kimi görünsə də, bizim də, ermənistandan olan nümayəndələrin də, Belarusdan gələn jurnalistlərin də iştirakı ilə panel daha geniş yelpazə qazandı və çox maraqlı müzakirələr alındı. Xüsusilə, paneldə Azərbaycandan olan jurnalist və keçmiş siyasi məhbus Əvəz Zeynallının, Belarusan olan jurnalist və keçmiş siyasi məhbus Natalia Rodinanın orda olması Moderatorun diqqətini bu iki ölkədəki ifadə azadlığına, mətbuat azadlığına və jurnalistlərin problemlərinə də yönəltdi. Bu istiqamətdə ölkədəki vəziyyətə dair qısa çıxış etmək də mənə düşdü.
Bu tip tədbirlərdə insan üçün ən çətin olan şey öz ölkəndəki problemlərdən danışmaqdır. Çünki mənəvi olaraq ölkənə olan sevgi və sayğı, onun mənafeyini uca tutmaq istəyi,  habelə insan olaraq dürüst olma və dürüst qalma prinsipin bir-biri ilə adətən çarpışır. Qızıl ortanı tapmaq heç də asan olmur. Xüsusilə, indiki İKT-nin inkişaf səviyyəsi, sosial şəbəkə gerçəyi ölkədə baş verənlərin hər birinin bu sahəyə diqqəti olan hər kəs tərəfindən bilindiyini göstərir. Mən də çalışdım ki, dürüst olum. Ölkədəki son illər yaradılan süni problemlərdən, habelə çox dəyər verdiyimiz Xədicə İsmayıl kimi, Seymur Həzi kimi jurnalistlər başda olmaqla bəzi jurnalist və blogerlərin hələ də həbsdə olmasından duyduğumuz üzüntünü dilə gətirdim. Amma əsas çağırışım BMT-nin çətiri altında olan, mədəni, mülki, siyasi, sosial, iqtisadi məsələləri əhatə edən Konvensiyaya qoşulan, UNESCO-nun tədbirlərində iştirak edən ölkə yönətimlərinə oldu. Onlara səsləndim ki,  jurnalistləri rahat buraxın, onları sırf jurnalist fəaliyyətinə görə təqib etməyin, həbsə atmayın, aşağılamayın, həyatlarına təhlükə yaradanlarla mübarizə aparın, diffamasiyaya görə qorxutmayın.
Növbəti gün 3 may idi-Dünya Media Azadlığı günü. Min nəfərlik salon demək olar ki dolu idi. Dünyanın əksər ölkələrindən, bütün qitələrdən insanlar-ekspertlər, hüquqşünaslar, jurnalistlər, siyasıtçilər bura  toplaşmışdı. Bədii bir səhnə ilə-baletlə başlayan açılış, sonra siyasi çıxışlarla davam etdi. UNESCO-nun baş direktoru İrina Bokova (hansı ki bu günlərdə onun Nyu Yorkda 3 milyonluq daşınmaz aldığı və bunun korrupsiya nəticəsi ilə olduğu faktı dünya mediasının gündəmindədir), ardınca Finlandiyanın Baş Naziri Juha Sipilia sonra isə Helsinki Şəhər Meri Jussi Pajunen çıxış edib, media azadlığından, jurnalist haqlarından, beynəlxalq qorumalardan bəhs edən çıxışlar etdi. Bir saat davam edən açılış Finlandiya mədəniyyət nümunəsi olan bir opera səhnəsi ilə yekunlaşdı.

Açılışdan dərhal sonra çox önəmli üç panel vardı. Mən onlardan ən çox mənim diqqətimi çəkən birində “Qaçqın böhranının İctimai yayım mediası dəyərlərinə təsiri” panelinə qatıldım. Panelin təşkilatçıları Media Fərqlilik İnstitutu, Avropa Yayım Birliyi və Finlandiya Yayım Birliyi idi. İndoneziya Universitetindən Professor Ade Armandonun moderatorluğunda İrandan, Brazilyadan, Danimarkadan, Ruminyadan, Böyük Britaniyadan və İrlandiyadan panelistlər son dönəm gedərək artan münaqişələrdən əziyyət çəkən və yurd-yuvasından dünyanın dörd bir tərəfinə yayılan qaçqınların yaşadıqları dramı, mediaların xüsusilə spesfik qaydaları olan ictimai mediaların bu artan insanlıq dramına yanaşmasını müzakirə etdilər. Ümumiyyətlə mayin 3-də və 4-də çox maraqlı panellər oldu. Hər biri geniş baxış acısı yaradan müzakirələrə səhnə oldu.
Amma bu ilki tədbirə mənə görə möhür vuran məqam Azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayılın “Dünya Mətbuat Azadlığı Mükafatı” 2016 laureatı olması idi. Xədicə xanımın bu mükafata layiq görülməsi qürur hissi yaradan məqam idi. Lakin Onun günahsız yerə həbsdə saxlanması, mükafatı almağa gələ bilməməsi üzücü və utancverici məqam idi. Xüsusilə 80-li yaşlarını haqlamış, yaşlı və xəstə Anasının onun mükafatını almaq üçün çox əziyyətlə Helsinkiyə gəlməsi, tribunaya çıxıb həyacanla, nisgillə Xədicənin məktubunu oxuması çox duyğulu anlar yaşatdı. Əslində arzu olunan o idi ki, Xədicə İsmayıl həbsdən azad edilərək mükafat almağa özü yollanaydı. Beləliklə, həm ölkədə ifadə azadlığı və mətbuat azadlığının vəziyyətinin yaxşılaşmasına bir işarə olardı, həm də o yüksək tribunada ölkənin, onun yönətiminin imicinə müsbət çalar qatardı. Amma olmadı. Ölkənin və onun yönətiminin imicinə zərbə üstünə zərbə vuran davranışdan vazkeçilmədi. Yanlışa davam edildi. Xədicənin həbsdə saxlanması Xədicənin dəyərinə, imicinə dəyər qatdıqca, onun həbsdə saxlanmasının tərfdarı olanları dəyərdən salır, imiclərinə sağalmaz yaralar vurur. Əlbəttə daha çox ölkə itirir. Həm jurnalist azadlığı indekslərinə görə hər il daha da sonlara doğru sürətlə irəliləyir həm də çox dəyərli jurnalistlər təcrid edilərək ölkə mediasına verdiyi müsbət qatqıdan mərhum edilir. Bir an öncə bu yanlış yanaşma tərk edilməli, Xədicə İsmayıl qeyd-şərtsiz azad edilməli, digər siyasi məhbus siyahısına düşmüş şəxslər də azadlıqlarına qovuşmalıdır.    
   B
u səfərdə Avropada yaşayan və işləyən Azərbaycanlı jurnalistlər və media qurumlarının təmsilçiləri ilə də görüşmək, müzakirələr aparmaq imkanım oldu. Azadlıq radiosundan Kənan Kazımoğlu, “Meydan Tv”-nin qurucularından Emin Milli, RATİ-nin qurucularından olan və Avropa oyunları ərəfəsində  ölkə vətəndaşlığından çıxarılaraq İsveçrəyə göndərilən Emin Hüseynov, Danimarkanın Beynəlxalq Mediaya Dəstək təşkilatının departament rəhbəri Gülnarə Axundova bu qəbildən şəxslər idi.
Hər bir səfərdə yol yoldaşları səfəri maraqlı və yaddaqalan edən məqamlardan biridir. Bu səfərdə Əvəz Zeynallı və Xanımı Məlahət Xanım, Azər Həsrət və Ayaz Mirzəyev yaxşı yol yoldaşı kimi yaddaqaldılar. Onlara səmimi təşəkkürümü bildirirəm. 
Bir az da Finlandiyanın paytaxtındakı müşahidələrimi yazmaq istəyirəm. Helsinki gözlədiyimin əksinə Bakıdan isti oldu. Bakıda getdiyimdə havanın temperaturu 14-15 dərəcə aralığında və soyuq küləkli idi. Amma Helsinkiyə enəndə günəşli və 18 dərəcə isti vardı. Sonrakı günlər də günəşli və isti oldu. Diqqətimi çəkən məqam sadəcə temperatur deyildi. Helsinki infrastrukturu yaxşı qurulmuş və insana xidmət üçün ideal vəziyyətə gətirilmiş bir şəhərdir. Yolları demək olar ki geniş və boş idi.
Tıxac görmədim. Nə yol polis partulu və də polis rastıma çıxmadı. 5 günlük müddətdə ümumiyyətlə bəzi binalarda olan özəl güvənlik istinsa olmaqla heç uniformada insan rastıma çıxmadı. Şəhərdə müşahidə kameraları da yox deyiləcək qədər az idi. 20 km-lik havalimanı yolunda və şəhər içi yollarda radar yox idi. Amma həyat çox düzənli axıb gedir. İnsanlar onlar üçün ayrılmış velisoped yollarından, tramvaylardan, elektrikli qatardan gen-bol istifadə edir.  Bizim Bakıda görməyə
alışdığımız iri həcmli cip maşınlar heç qarşıma çıxmadı. Daha çox digər Avropa ölkələrində olduğu kimi xırda avtomobillərə üstünlük verirlər. Sonda bir müşahidəmi də deyim ki, bizdə yüksək çinli məmurların gəzdiyi qara rənkli 2015 model Mercedeslər orda taxsi xidməti göstərir. Biz də hava limanından ilk  mindiyimiz taksi məhz belə maşınlardan idi. Amma bizim tədbirdə iştirak edən Finlandiya Prezidentinin, Baş Nazirinin, Xarici işlər Nazirinin və Mədəniyyət Nazirinin heç birinin maşını son model Mercedes və ya BMW  deyildi. Daha köhnə model Audilər idi və onların ətrafında ətdən hörülmüş qoruma divarı yox idi...